Azərbaycana silah-sursat keçirən Gürcüstan vətəndaşı saxlanılıb

16:04 13.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gömrükçülər hərbi ləvazimat və qanunla qadağan edilən digər predmetlərin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Tranzit" markalı minik avtomobili ilə gələn bu ölkənin vətəndaşı saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş üzərində və nəqliyyat vasitəsində qanunla qadağan edilən hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı nəqliyyat vasitəsində silah-sursat və narkotik vasitənin olduğu müəyyən edilib.

Belə ki, avtomobilin salonunda, sürücü oturacağının başı üzərindəki boşluqda iki ədəd sellofan torba aşkarlanıb. Həmin torbalarda isə 25 ədəd müxtəlif patronlar, 1 ədəd plastik silah dəstəyi, 1 ədəd durbin, eyni zamanda, içərisi narkotik vasitə - marixuana ilə doldurulmuş ov tüfənginin patronu və maqazinində 4 ədəd patron olan səs tapançası aşkar olunub.

Bundan başqa, nəqliyyat vasitəsinin salonunun qapısının üst hissəsində marixuana bitkisinin kiçik budağı, sol qapısındakı rəfdə isə 1 büküm marixuana bitkisi aşkar edilib.