Azərbaycanda ekoloji siyasət

18:10 17.07.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mütəxəssislərin fikrincə, ölkəmiz müstəqillik əldə etdikdən sonra ekoloji məsələlər ümumbəşəri problem kimi qəbul edilməyə başlayıb

Azərbaycanda ekoloji vəziyyət, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar, onların qorunması dövlət üçün prioritet sahələrdəndir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi isə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.

Belə ki, uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib və onların icrası istiqamətində tədbirlər görülüb. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib, milli parklar yaradılıb, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olub.

Digər tərəfdən, təbii ehtiyatların istismar intensivliyi nəzərə alınaraq Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarıb. Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.

Sözsüz ki, Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçünsə iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin  minimuma endirilməsi tələb olunur.

Azərrbaycanda ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün vəzifələrə gəlincə, buraya ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən,  stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi,eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi,insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi  qorunub saxlanılması daxildir.

Ekoloji siyasətin prinsiplərinə gəlincə, qısa müddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla  qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühitin mühafizəsi sahəsində qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi, ətraf mühitin hər hansı komponentinin  bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün aztullantılı, güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi,

əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsidir.

Aparılan tədqiqatlar onu göstərir ki, hazırda ölkəmizdə əsas ekoloji problemlər su ehtiyatlarının çirklənməsi, yəni, Xəzər dənizinin sənaye və məişət tullantı suları ilə çirkləndirilməsi, su obyektlərinin, o cümlədən transsərhəd çayların çirkləndirilməsi, tullantı sularının idarə olunması, yəni, təmizləyici qurğularının gücünün formalaşan tullantı sularından az olması, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılması daxildir. Bundan başqa, atmosfer havasının çirklənməsi, stasionar mənbələrdən çirklənmələr, səyyar mənbələrdən çirklənmələr, torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.), yəni, erroziya və şoranlaşma prosesləri, torpaqların tullantılarla çirkləndirilməsi, torpaq örtüyünün həddindən artıq otarılması da əsas ekoloji problemlərdən sayılır. Eyni zamanda, bərk məişət və sənaye, həmçinin təhlükəli tullantıların tələb olunan səviyyədə utilizasiya olunmaması, tullantıların tam səviyyədə idarə edilməməsi, qeyri-qanuni poliqonların mövcudluğu, biomüxtəlifliyin, o cümlədən flora, fauana və xüsusi ilə balıq ehtiyatlarının seyrəkləşməsi, iqlim dəyişikliklərinin təsiri nəticəsində biomüxtəlifliyin azalması, yaşayış məskənlərinin genişlənməsi ilə bağlı antropogen təsirlər, meşə və yaşıllıq sahələrinin miqyasınının azlığı, meşə ərazilərinin miqyasının qəbul edilmiş normadan azlığı, yaşayış məntəqələri ərazisində yaşıllıqların tələb olunan səviyyədən aşağı olması, hərbi konfliktlər nəticəsində ətraf mühitə dəyən zərərlər və s. əsas ekoloji problemlər arasındadır.

Təbii ki, ölkəmiz müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb və formalaşmağa başlayıb. Mütəxəssislərin fikrincə, bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası”nı qeyd etmək olar. Konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da Azərbaycanda son illər ekoloji vəziyyətin əvvəlki illərə nisbətə n yaxşı olduğunu qeyd edib: "Son illər ərzində ölkədə ekoloji durum düzəlməkdədir və bu istiqamətdə də mütəmadi inkişaf gedir. Məsələn, respublikada ətraf mühitin mühafizəsi istiqamətində atılan ən mühüm addılmlardan biri "Təmiz şəhər” layihəsidir. Neçə illərdir Balaxanıda zibilliklərin yandırılması nəticəsində paytaxtın üzərini tüstü-duman alırdı, nəfəs almaq olmur və xəstəliklərin sayı da artırdı. Bakı ətrafında olan zibilliklərin təmizlənməsi üçün Prezident İlham Əliyev sərəncam imzaladı və 2008-ci ildə də Təmiz Şəhər yaradıldı. Artıq tullantıların səmərli istifadəsi mümkünləşdirildi. Ümumiyyətlə, tullantılarla əlaqədar olaraq əhali arasında maarifləndirmə işləri genişləndirilməli, tullantıların çeşidlənməsi aparılmalıdır. Hər kəs buna fikir verməlidir və sağlamlığımız üçün ətraf mühiti qorumalıyıq. Lakin ekologiyanın qorunması tək dövlət işi deyil. İnsan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir. Planetimizin ekoloji problemlərinin yarandığı bir dövrdə hər bir kəs təbiətin qorunmasında öz məsuliyyətini dərk etməli və bu prosesdə yaxından iştirak etməlidir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.