Azərbaycanda multikulturalizm sosial hadisə, siyasət modeli və həyat tərzidir

18:10 22.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı Müstəqil Azərbaycan Respublikası müxtəlif sivilizasiyaların qovuşduğu ölkə olaraq tanınır. Tarixə ekskursiya etsək görərik ki, multikulturalizm və tolerantlıq tarixən soydaşlarımızın həyat tərzi olmuşdur. Fəxrlə deyə bilərik ki, bu gün multikulturalizm milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması multikulturalizmdir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqudur.

Ölkəmizdə multikulturalizmin dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını Azərbaycanın qədim dövlətçilik tarixi təşkil edir.Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, multikulturalizm ənənələri bərpa edilmiş, xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı daha da sürətlənmişdir. Ulu Öndərin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün sevən hər bir soydaşımızın həyat düsturuna çevrilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda Azərbaycan multikulturalizminin siyasi əsasları öz əksini tapmışdır. Azərbaycan mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilmişdir. Amma bununla yanaşı, öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir.

Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında - Şərq və Qərb arasında körpü rolunu oynamaqla öz nüfuzunu daha da gücləndirməkdədir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.

Ölkəmizdə tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.

Ölkəmizdə multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində möhtəşəm layihələr reallaşdırılmışdır.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər.

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.

Bu günlərdə - noyabrın 14-15-də Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Dünya dini liderlərinin II Bakı Sammiti keçirilmişdir.

İki gün davam edən sammitdə dini liderlər terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü təhrif olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də, miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı öz dərin narahatlıqlarını ifadə ediblər.

Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkili, habelə müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət və elm xadimlərinin görüşləri və fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıq bildirilib.

Sammitdə yekdil olaraq bildirilib ki, özündə bəşəri dəyərləri ehtiva edən dinlər dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verməli, humanizmin təşviq edilməsinə, sülhün və ədalətin təmin olunmasına xidmət etməlidir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, multikulturalizmin dünyanın bəzi ölkələrində müxtəlif modellərinin olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm model bir çox dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilir. Ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir. Ölkəmizdə olan multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir.

Multikultural dəyərlər ümumbəşəri xarakter daşıdığı üçün hər birimiz ölkəmizdə bu dəyərləri qorumalı və təbliğ etməliyik. Ölkəmizin milli marağına, milli və dini birliyimizə xələl gətirmək istəyənlərə qarşı mübariz olmalıyıq. Xalqımızın tarixdən gələn milli-mənəvi dəyərlərini biz gənclər yaşadaraq gələcək nəsillərə ötürməliyik.    

Saleh Abbaslı

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi

Sosial rubrikasından digər xəbərlər