Azərbaycanda Ümumi Tarazlıq Modeli hazırlanacaq

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində“ mövzusunda elmi-praktiki konfrans keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, AMEA-nın İqtisadiyyat İnstitutu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Turizm İnstitutu və digər elmi müəssisələrin nümayəndələri iştirak ediblər. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf mərhələləri, hər bir dövrün əsas xüsusiyyətləri, ölkənin iqtisadi potensialının davamlı olaraq artırılması və əhalinin rifahının yaxşılaşdırılması istiqamətlərində görülən genişmiqyaslı işlər haqqında məlumat verib. Konfransda “Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri“ mövzusunda məruzə ilə çıxış edən İqtisadi İnkişaf Nazirliyi iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov makroiqtisadi sabitlik, davamlı və sürətli iqtisadi inkişafın təmin edilməsi üzrə qəbul edilmiş proqram, strategiya və konsepsiyalar, qeyri-neft sektorunun inkişafı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, sosial-iqtisadi sahədə aparılan kompleks işlər və qazanılmış uğurlar haqqında danışıb. Konfrans çərçivəsində həmçinin, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və iqtisadi modelləşdirmə sahəsində dünya miqyasında tanınmış tədqiqat mərkəzlərindən olan “EcoMod“ şirkəti arasında Azərbaycanın sosial-iqtisadi göstəricilərinin təhlili proqnozlaşdırılmasının Ümumi Tarazlıq Modelinin işlənilməsi üzrə müqavilə imzalanıb.

Oxunma sayı 183