Azərbaycanın balıq ehtiyatları  - aktual

11:05 27.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Müşahidələrə görə, son 10-15 ildə Azərbaycanda, o cümlədən Xəzər dənizində balıq ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. Bu azalmanın təkcə Azərbaycan ərazisində deyil, bütün Xəzər dənizi akvatoriyasında müşahidə edildiyi önə sürülür. Bu yaxınlarda İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığının (beluqa) tapılması  müəyyən sualların ortaya çıxmasına səbəb oldu.

Maraqlıdır, görəsən, Xəzərin Azərbaycan sektorunda nəhəng nərə balıqlarına niyə rast gəlinmir? Ümumiyyətlə, Azərbaycan balıqçılarının toruna ən son nə zaman nəhəng balıq düşüb? Ölkə ərazisində balıq ehtyatlarının azalmasına əsas səbəb nədir?  

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov bununla bağlı açıqlama verib və Xəzər dənizində bu ölçüdə balıqlara davamlı olaraq rast gəlinməməsinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismən də olsa üstünlük təşkil edir: “Bunun səbəbi onların buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır”.

Ural çayında təbii şəraitin saxlanıldığını deyən S.Süleymanov bildirib ki, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilirlər.

“Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar ki, yox dərəcəsindədir”, - deyə tədqiqatçı son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinmədiyini vurğulayıb.

O həmçinin bildirib ki, yerli mütəxəssislər Azərbaycanın regionlarında ekspedisiyalar zamanı nərəcinsli və digər növlərdən olan balıq ehtiyatı, onların yayılması, növ tərkibi araşdırıblar: “Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, Kür və Araz çaylarında suyun səviyyəsi 50-60 faiz azalıb. Kür çayı, demək olar ki, dənizə çatmır. Bunun nəticəsində nərəkimilərin və qızıl balıqların ehtiyatının kəskin azalması gözlənilir. Qeyd olunan problemlərin qarşısını almaq, Azərbaycanın ərzaq təhlükəsizliyi və əhalinin daha keyfiyyətli qidalarla təmini üçün ciddi tədbirlər görülməlidir. Bu məqsədlə işğaldan azad olmuş ərazilərin potensialından istifadə etmək mümkündür".

Yeri gəlmişkən, bu gün dünyada 23 min balıq növü var. Təkcə Xəzər dənizində bu say 120-yə qədərdir. Dənizin Azərbaycan sektorunda isə 80-ə qədər balıq növü mövcuddur. Növlərin sayı az olmaqla bərabər, əksər hissəsi endemikdir, yəni yalnız Xəzər dənizində yaşayır.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev də bildirib ki, Azərbaycanda balıq ehtiyatları ciddi şəkildə azalıb: “Balıqların təbii su hövzələrində azalması təbii amillərlə yox, insan faktoru ilə bağlıdır. Düzdür son illər qanunsuz balıq ovuna qarşı mübarizə genişləndirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qərara gəlmişik ki, qanunsuz balıq ovuna qarşı birlikdə mübarizə aparaq. Bizim 33 minə yaxın üzvümüz var. Çalışırıq ki, Bakıda və regionlarda nazirliyin işçilərinə bacardığımız qədər kömək edək. Son vaxtlar aparılan araşdırmalara görə, su hövzələrində balıq ehtiyatı çox ciddi şəkildə azalıb. Su hövzələrində balıqların azalması təbii amillərlə yox, insan faktoru ilə bağlıdır. Balıqları əsasən xaricdən gələn sintetik torlarla məhv edirlər. Bu sintetik torlar 70 ilə yaxın çürümür. Bu torları istifadə edib, sonradan dənizə atırlar. İri və kürü verən balıqlar dənizin dibində olur. Belə torlar həmin balıqları məhv edir. Bu torlar qanunla qadağandır. Buna baxmayaraq, həmin torlardan gizli istifadə olunur. Bizim əsas mübarizə apardığımız sahələrdən biri də belə balıqçılardır. Yuxarı Şirvan kanalı balıqların əsas kürü verdiyi yerdir. Biz oranı nəzarətə götürmüşük. Keçən illərlə müqayisədə kanalda balıq artıb. Amma bizə çatan məlumata görə kanalın bəzi yerlərində yenə də qapanmalar var. Bu istiqamətdə yeni reyd keçirməyi nəzərdə tutmuşuq".

Mütəxəssis onu da bildirib ki, əslində Xəzərin Azərbaycan sektorunda da nəhəng nərə balıqlarına rast gəlinir. Sadəcə, bəzi balıqçılar qanunsuz ovla məşğul olduğundan belə hadisələrin qeydiyyatını aparmaq mümkün olmur: “Mən bilirəm ki, 4 il bundan əvvəl Səngəçalda bir balıq tutmuşdular,360 kilo idi. Həmin balıq orada bir vətəgəyə girmişdi. Amma bu qanunsuz, hesabatsız olduğu üçün heç bir yerdə məlumatı getmədi. Həmin balıq 40-70 kilo arası kürü verir. Onun da indiki bazar qiyməti 150-200 min manatdır. Yəni, mə özüm bu hadisənin şahidi olmuşam. Amma o vaxt bizim sələhiyyətlərimiz olmadığından məsələyə müdaxilə edə bilmədik. Artıq 2 ildir ki, biz bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə mübarizə aparırıq. Ona görə son 2 ildə əsasən, kütüm və ziyad balığında artım var. Bu gün Azərbaycanın şah balıqlarından biri də kütüm balığıdır. Bu balıqlara o qədər tələbat var ki, hətta Amerika bazarında belə satışa çıxarılır”.

Ə.Əliyev vurğulayıb ki, ölkəmizdə balıq ehtiyatının azalmasının əsas səbəblərindən biri də balıqçılığın inkişafı və miqrasiyası üçün yaranan su kanallarının insanlar tərəfindən zəbt olunmasıdır: “Kanalların ağzı brakonyerlik üsulları ilə bağlanıb. Şirvan kanal, Şaqay kanalı, Varvaraçay, Lənkərançay, Astara çayı, Araz çaylarının dənizə birləşən istiqaməti tam şəkildə bağlanmışdı. Biz keçən ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edərək həmin kanalların ağzını bir az açmışıq. Bu həftə sonu brakonyerliklə mübarizə çərçivəsində Şirvan kanalda reyd aparacağıq və qanunsuz balıq tutmaq üçün istifadə olunan vasitələr kanaldan təmizlənəcək. Sizi inandırım ki, bu vasitələr tamamilə təmizlənərsə, daxili su hövzələrində balıq ehtiyatları əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda, nərə balıqlarının sayında da ciddi artım olacaq. Nərə balıqları artım üçün əsasən, daxili su hövzələrinə, kanallara üz tutur.

Brakonyerlər isə bir gündə 3-4 ton balıq tutur və bu yol ilə balıqların kütləvi qırılmasına səbəb olurlar. Bir vaxtlar Azərbaycanın nərələri hər yerdə tanınırdı, ancaq bu gün onların kökü kəsilmək üzrədir. Balıqlar qışlıq yuxuya gedən zaman belə onları xüsusi cihaz vasitəsi ilə ovladılar. Yəni, deməyim odur ki, Xəzərin Azərbaycana aid hissəsində nərə balıqlarının yoxa çıxması insan faktoru ilə bağlıdır, burada iqlim dəyişikliyindən söhbət gedə blməz. Çünki İranda, Türkmənistanda, Qazaxıstanda nərə balığı var, Azərbaycanda isə yoxdur”.

Ekspert öz açıqlamasında onu da qeyd edib ki, daxili su hövzələrində balıqları suya elektrik cərəyanı buraxmaqla məhv edirlər: “Bu çox ağır cinayətdir, mübarizə aparılır, amma belə hallar hələ də var. Hazırda Ağgöl də, Qızılağacda, Sarısuda, Zaqatala, Samux, Şəmkirdə bu vasitə ilə balıq ovlayanlar xeyli saydadır. Onlar əsasən, gecələr işləyirlər. Bu da bizim gələcəyimizin sağlamlığını məhv edir. Məsələn, həşaratların, xüsusən, ağcaqanadların 80 faizi daxili su hövzələrində yumurta qoyurlar. Balıq da onlardan qidalanır. Balıq əvvəlki kimi olmadığından həşəratlar, ağcaqanadlar əhəmiyyətli dərəcədə artıb. Bilirik ki, bir çox xəstəliklərin əsas daşıyıcısı qansoran həşəratlardır. Bu isə o deməkdir ki, gələcəkdə yolxucu xəstəliklərin sürətlə çoxalma ehtimalı var”.

Ə.Əliyev ölkə əhalisinin balıq məhsullarına olan illik tələbatına da toxunaraq deyib ki, hazırda tələbatın 15 faizi daxili istehsal hesabına ödənilir: “Digər 85 faiz İran, Rusiya, Türkiyə və bir sıra Skandinaviya ölkələrindən idxal hesabına qarşılanır. Halbuki biz əvvəllər ixracatçı ölkə idik. Bu ixracı da bərpa etmək mümkündür. Sadəcə, bu sahəyə mütəxəssislərin iştirakı ilə nəzarət daha da artırılmalıdır. Eyni zamanda, vətəndaşlar da təbii ehtiyatlarımızın məhv edilməsinə biganə yanaşmamalıdırlar. Bu təbiət hamımızındır, bu evdə hamımız yaşayırıq. Ona görə də yaşadığımız dünya adlı evə hamılıqla sahib çıxmalıyıq”.

Oxunma sayı 89