Azərbaycanla bağlı müsbət rəylərin verilməsi ölkəmiz üçün əlavə imkanların yaranması deməkdir - TƏHLİL

15:54 09.10.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatlar ölkə iqtisadiyyatında müsbət tendensiyalarla müşayiət olunur. Belə ki, ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir, biznes mühiti yaxşılaşır və iqtisadiyyatda UDM-nin həcmi artır. Qeyd edək ki, Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dinamika beynəlxalq maliyyə institutlarının hesabatlarında da öz əksini tapır. Məsələn, Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiyada iqtisadi vəziyyətlə bağlı şərhində qeyd olunur ki, ölkəmizdə ÜDM-in illik artımı 2019-2021-ci illərdə orta hesabla 2,4 faiz təşkil edəcək.Proqnoza əsasən neft hasilatı azalacaq və təbii qaz hasilatı 2020-ci ildə öz pikinə çatacaq: “Daxili tələbatın bərpa olunması fonunda 2019-2021-ci illərd inflyasiyanın aşağı səviyyədə qalacağı və orta hesabla 3,1 faiz təşkil edəcəyi gözlənilir. 2021-ci ilədək cari əməliyyatların hesabının profisiti ÜDM-in orta hesabla 6,5 faizini təşkil edəcək, bu isə enerji ilə bağlı olmayan cari əməliyyatların hesabının kəsirinin artmasına gətirib çıxaracaq”.

Materialda bildirilir ki, Azərbaycan iqtisadiyyatı 2019-cu ilin birinci yarısında illik 2,4 faiz templə artıb. Bu, təbii qaz hasilatının artması və qeyri-enerji sektoru ilə bağlı olub: “Qeyri-enerji ÜDM illik hesabda 3,2 faiz artıb. Buna kənd təsərrüfatında, emal sənayesində və xidmətlər sahəsində yüksək göstəricilər səbəb olub. Eyni zamanda tikinti sektorunda azalma davam edib. 2019-ci ilin əvvəlindəki xarici ticarətin əlverişli konyunkturu cari əməliyyatların hesabın yüksək profisitini bu ilin birinci rübündə ÜDM-in 15 faizi həcmində saxlayıb”.

Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində də irəliləyib. Belə ki, ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Sinqapurun başçılıq etdiyi reytinq siyahısında Ermənistan 69-cu yerdədir.Ümumilikdə reytinqdə 12 mövqe əks olunub. "İnstitutlar" mövqeyində Azərbaycan 49, "İnfrastruktur" mövqeyində 38, "Məhsul bazarı"nda 23, "Əmək bazarı"nda 21, "Biznesin dinamikliyi" mövqeyində isə 23-cü yeri tutub.

Bundan başqa, “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin 2019-cu ilin üçüncü rübünə olan növbəti hesabatında ölkəmiz öz müsbət mövqeyini qoruyub və BB+ qiymətləndirməsi ilə sabit inkişaf tempi nümayiş etdirib. Sevindirici haldır ki, Cənubi Qafqaz ölkələri arasında bu göstərici ilə ən yüksək reytinq məhz Azərbaycana məxsusdur.

Agentliyin analizinə əsasən, beynəlxalq iqtisadi və ticarət münasibətlərində xarici balansın saxlanılması və aşağı səviyyəli dövlət borcunun olması Azərbaycanın reytinqini yüksək səciyyələndirən əsas amillərdəndir. Dövlətin əsas götürdüyü makro-iqtisadi, maliyyə, vergi və sosial islahatlar zəminində istehlak sferasında borclanmanın azaldılmasına, sosial məsələlərin ön plana çəkilməsinə, maliyyə və vergi münasibətlərinin tənzimlənməsinə istiqamətlənən müsbət meyillər inflyasiyanın nəzarətdə saxlanmasına, dollarlaşma səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb, geniş anlamda isə, ölkənin xarici iqtisadi şoklara və qlobal arenada yarana biləcək böhranlara çevik reaksiya göstərə bilməsinə şərait yaradıb. Eyni zamanda, bank sektorunun sağlamlaşdırılması, problemli kreditlərin həll olunması istiqamətində həyata keçirilən tədbirlər sektorun restrukturizasiyasına, kapitallaşmanın və kredit verilişinin artmasına səbəb olub.

Öz növbəsində, iqtisadiyyatın diversifikasiya olunması və neft sektorundan asılılığının aradan qaldırılması məqsədilə ölkədə yaradılan və dəstəklənən münbit biznes mühiti “Fitch Ratings”in analizlərində xüsusi qeyd olunub və ölkəmizin mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb.

Mövzu ilə bağlı fikirləri bizimlə bölüşən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, dünyanın tanınmış iqtisadi  reytinq və hesabat qurumlarının,  xüsusən inkişaf etməkdə olan ölkələr haqqında hazırladığı rəylərə ciddi yanaşma mövcuddur.

“İstər Dünya İqtisadi Forumunun (DIF), istərsə də “Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühitin durmadan yaxşılaşdırılması, mövcud qanunların təkmilləşdirilməsi, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatların aparılması, Azərbaycan hökuməti tərəfindən artıq müvafiq kursa çevrilib. Ümumiyyətlə, dünyanın tanınmış iqtisadi  reytinq və hesabat qurumlarının,  xüsusən inkişaf etməkdə olan ölkələr haqqında hazırladığı rəylərə ciddi yanaşma var. Belə ki, xarici investorların, inkişaf etmiş iqtisadiyyata sahib olan ölkələrin inkişaf etməkdə olan ölkələrə sərmayə qoyması nüfuzlu təşkilatların hazırladığı hesabatlardan da asılı olur. Verilən rəylərin müsbət olması o anlama gəlir ki, ölkədə investisiya mühiti əlverişlidir, böyük risklər yoxdur, dövlət təminatı yüksək səviyyədədir. Bu isə o deməkdir ki, inkişaf etmiş ölkələrin sərmayədarı müsbət rəy verilən ölkəyə investisiya qoymaqda maraqlı olacaq. Ona görə də nüfuzlu qurumların Azərbaycan haqqında verdikləri müsbət rəylər, hesabatlarda ölkəmizin reytinqinin yüksəlməsi bizim üçün əhəmiyyətlidir.
Bundan əvvəl, DIF-in "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” üzrə də, ölkəmizin mövqeyi yaxşı qiymətləndirilmişdi. Bu haqda yazdığım şərhdə qeyd etmişdim ki, DİF-in növbəti hesabatının tamamilə yeni metodologiya əsasında hazırlanaraq, təqdim ediləcəyi bildiriləndə, çoxları hesab edirdilər ki, Azərbaycanın bir çox göstəricilər üzrə ardıcıl olaraq yaxşı nəticələr göstərməsi artıq, çətin olacaq. Amma Azərbaycan Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində bu dəfə11 pillə daha irəliləyib. Belə ki, “bazarın miqyası” istisna olmaqla “əmək bazarı”, “biznesin dinamikliyi”, “ərzaq bazarı”, “infrastruktur”, “bacarıqlar”, “ictimai institutlar”, “bazarın miqyası”, “innovativ potensial” kimi indekslərdə ötən ilə nisbətən irəliləmişik. Ölkəmiz 62,7 bal ilə reytinqdə 58-ci yerdədir. Yeri gəlmişkən, Azərbaycan dövlətinin başçısı da hökumətin iclaslarında bu qurumların açıqladığı hesabatlar barəsində hər dəfə danışır, verilən rəyləri dəyərləndirir. Dövlət başçısı hər il yanvarda Davos toplantısına qatılır. Həmin toplantılarda dövlət başçısı iri şirkətlərin, investisiya qurumlarının rəhbər şəxsləri ilə görüşür. Bu görüşlərdə iri şirkətləri təşviq etmək üçün ciddi sənədlərdən biri kimi məhz DİF-in və “Doing Business” hesabatı təqdim olunur. Prezident bu hesabata əsaslanaraq investorları Azərbaycana sərmayə qoymağa inandırır. Odur ki, bu hesabatlarda hər il Azərbaycanla bağlı müsbət rəylərin verilməsi ölkəmiz üçün yeni şansların, əlavə imkanların yaranması deməkdir. Bu hesabatlar Azərbaycanın gələcək illərdə beynəlxalq nüfuzunun bir qədər də yaxşılaşmasına kömək edəcək”.