Azərbaycanla müqayisədə Moldovada jurnalist peşəkarlığı daha yüksəkdir - MÜSAHİBƏ    

18:49 02.08.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Həyatda elə insanlar var ki, xoş amallarla, Vətənə, xalqına və dövlətinə olan sevgisi ilə yadda qalır. 

Elə bu sevgi ilə də sadə insanların qəlbində yer tapır.  Həmişə insanlara dəyər verməyə çalışır. Onlardan biri də hər  kəsin tanıdığı, xüsusilə də jurnalistlərin yaxın dostu olan “Azərişlq” ASC nin mətbuat xidmətinin rəhbəri  Tanrıverdi Mustafayevdir.

Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Həftə içi”nə verdiyi müsahibədə ən çox keçdiyi həyat yolundan danışdı:

- 1962-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlar mahalı Çənbərəh rayonunun Kölkən kəndində kəndçi ailəsində doğulub, boya-başa çatmışam. 1979-cu ildə orta məktəbi bitirib, indiki Azərbaycan Dövlət Texniki Universitetinin  avtomatika və hesablama fakültəsinə daxil olmuşam. 1984-cü ildə təyinatla Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışam. 1987-ci ildə Moldava  Elmlər Akademiyası Ekoloji Genetika  İnstitutunun aspiranturasına daxil oldum. 1991-ci ildə isə “Elektrik cərəyanının kənd təsərrüfatı bitkilərinə təsiri” mövzusunda müdafiə edib, biologiya elmləri namizədi alimlik dərəcəsi aldım.  Həmin il Moldovada  Araz Cəmiyyətini təsis etdim və onun rəhbəri seçildim.

- ARAZ cəmiyyətini yaratmaqda məqsəd nə idi?

- O dövrlərdə  SSRİ dağılırdı.  Cəmiyyəti yaratmaqda məqsəd ilk öncə Moldovada yaşayan azərbaycanlıları bir qurum altında sıx birləşdirmək və onların problemlərini həll etməkdən ibarət idi. Eləcə də məqsədlərimiz sırasında Azərbaycan mədəniyyətini orada inkişaf etdirmək, Moldova- Azərbaycan iqtisadi əlaqələrini  qoruyub-saxlamaq və onu daha da inkişaf etdirmək də yer alırdı.  Cəmiyyətin xidmətləri çox olub. Belə ki, Azərbaycanda baş verən haqsızlıqları,  xalqımızın başına gətirilən müsibətləri, 20 Yanvar, Xocalı kimi qanlı faciələri cəmiyyət vasitəsilə Moldova mətbu orqanlarında çıxış edərək, dünya ictimaiyyətinə çatdırırdıq. Qarabağ hadisələri və Xocalı qətliamı ilə bağlı bəyanat verirdik. Çıxışlarımız Moldova mətbuatında rus və rumın dilərində çap olunurdu. Eyni zamanda, Qarabağ döyüşlərində cəmiyyət tərəfindən ordumuza maddi və mənəvi yardımlar edirdik. 1991-ci ilin  sentyabr ayından Moldova Hökuməti Milli Münasibətlər Departamentində məsil vəzifədə çalışdım. 1997-ci ilin noyabrında Moldova Respublikasının sabiq prezidenti Petro Luçinskiy ilk dəfə Azərbaycanda səfərdə olarkən onu mən müşayiət etmişəm və həmin vaxt Ulu Öndər Heydər Əliyevlə ilk görüşümüz oldu.

- Bu gün sizin cəmiyyət fəaliyyət göstərirmi?

- Cəmiyyət bu gün də öz fəaliyyətini  yüksək səviyyədə davam etdirir. Ona  Laçın rayonundan olan  hüquq elmləri doktoru, tanınmış hüquqşünas-alim Vüqar  Novruzov rəhbərlik edir. Cəmiyyətlə sıx əlaqələrimiz olur. Təsis elədiyim cəmiyyət nəinki Moldavada, hətta dünyanın inkişaf etmiş ölkələrində də böyük nüfuza malikdir.

- Bəs necə oldu ki, Bakıya qayıtdınız?

- 2001-ci ildə Bakıya dəvət aldım və Dünya Azərbaycanlıları Həmrəyliyinin  1-ci qurultayında iştirak etdim.  2002-ci ildə “Barmek” Elektrik Şəbəkəsi Mətbuat Xidmətinin rəhbəri təyin edildim. O vaxtdan bu günə kimi də bu vəzifəni icra edirəm.

- Azərbaycan mətbuatının bugünkü durumu sizi qane edirmi? Moldova ilə  Azərbaycan mətbuatı arasında nə kimi fərqlər var?

- Əvvəla qeyd edim ki, Ədliyyə Nazirliyində qeydiyyatdan  keçmiş istər sayt olsun, istərsə də  televiziya və qəzetlər, hər bir mətbu orqana  eyni sayğı ilə yanaşır, əməkdaşlıq edirik. Heç birinə fərq qoymuruq. Həmin mətbu orqanlar da ”Azərişıq” ASC-nin istehlakçılarıdır. Moldova Respublikasında mətbu orqanları sayca çox azdır, barmaqla sayılacaq qədər olsalar da, orada sırf jurnalistlər, özü də peşəkar jurnalistlər çalışırlar. Bir sözlə, jurnalist peşəkarlığı daha yüksəkdir. Qəzetlərdə bir dənə də olsun hərf və durğu işarələri səhvinə rast gəlinmir. Hər şeyə diqqətlə yanaşırlar. Araşdırma, analitik və təhlili, taleyüklü yazılara daha çox üstünlük verirlər. Moldova mətbuatında, əsasən, jurnalistika fakültəsini bitirənlər çalışır. Bizdə mətbu orqanların,  qəzet və saytların sayı-hesabı yoxdur. Bir xəbəri bütün KİV və qəzetlər eyniliklə verir. Yəni xəbərlər bir-birindən fərqlənmir. Mətbuatda çalışan jurnalistlər, ilk öncə, Ana dilimizin təmizliyinə ciddi fikir verməlidir, onu qoruyub saxlamalıdır. Mətbuat naşı, jurnalistikadan xəbəri olmayan adamların əlində olmamalıdır. Azərbaycan mətbuatında da peşəkar jurnalistlər var. Yaxşı olardı ki, cavan yazarlarımız  onlardan peşəkarlığı öyrənəydilər. İnanıram, Azərbaycan mətbuatı daha da inkişaf edəcək.

- Bir ziyalı kimi bu gün sizi ən çox narahat edən nədir?

- Məni ən çox Ana Vətənin bir parçası olan Qərbi Azərbaycanda qoyub gəldiyimiz, doğma torpaqlarımız, el-oba həsrəti narahat edir. Yadıma doğma kəndimiz,  yurd yerlərimiz, yaylaqlarımız düşür. Hər dəfə dağlıq rayonlara və Gədəbəyə ezam olunanda mənzərəli təbiəti, dağları görəndə heyrətə gəlirəm. Sanki dağlar üstümə gəlir. Bu yaxınlarda Gədəbəydə keçirilən Milli Yaylaq Festivalına dəvət almışdım. Şınıxdan 3 kilometr məsafədə doğulduğum Kölkənd kəndi açıq aydın görünürdü. Yaylaqlarımız, yurd yerlərimiz, hətta evlərimizə, cığırlara kimi açıq aydın görünürdü.  Hər şeyi unutmuşdum. Qaça-qaça görünən kəndimizə tərəf gedirdim. Qarşıma çıxan hərbçilər qoymayıb dedilər ki, sən hara gedirsən? Bilmirsən ki, orda ermənilər yaşayır?  Səngərə yaxınlaşa bilməzsiniz. Məni qəhər boğdu və neçə illərdir ki, həsrətində olduğum ata yurdumu görmürdüm. Yaxından  kəndimizi görəndə, əgər qarşıma çıxan və məni saxlatdıran olmasaydı, qaça-qaça gedib  ata yurduma qovuşacaqdım. İndi o yerlərin həsrəti ilə yaşasaq da, ümidimizi itirməmişik və sabaha nikbin baxırıq.  İnanıram,  ölkə başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində doğma torpaqlarımıza qayıdacağıq.