Azərbaycanlı milyarder bir ayda 5,1 mlrd. dollar itirdi – Günün təzadları

18:27 01.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən böyük özəl neft-qaz şirkəti olan "Lukoil" şirkətinin rəhbəri olan Azərbaycan əsilli Vahid Ələkbərov təkcə cari ilin mart ayı ərzində 5,1 mlrd. ABŞ dolları itirdi. Hazırda onun xalis sərvəti 14,6 mlrd. dollar təşkil edib.

Hafta.az yazır ki, "APA-Economics"in "Bloomberg Billionaires Index"nə istinadən verdiyi məlumata görə, "Lukoil"in rəhbəri ilin əvvəlindən 7,69 mlrd. dollar itirib.

"Bloomberg Billionaires Index" reytinqinin lideri "Amazon"un rəhbəri Ceff Bezos qalır. O, ilin əvvəlindən xalis sərvətini 5,11 mlrd. dollar artıraraq 120 mlrd. dollara çatdırıb. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq xalis sərvəti 99,5 mlrd. dollar olan "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts və 75 mlrd. dollarla Fransanın “LVMH” ("Louis Vuitton Moet Hennessy") şirkətlər qrupunun baş meneceri Bernar Arno qərarlaşıb.

13 yaşlı İsmayıl koronavirusdan həlak oldu

13 yaşlı İsmayıl Əbdülvahab İngiltərədə koronavirusun ən gənc qurbanı oldu. Hafta.az yazır ki, bu bərədə “HaberGlobal” Britaniya mediasına istinadla məlumat yayıb.

“İsmayılda əlamətlər görünməyə başladı və o, nəfəs almaqda çətinlik çəkirdi. “Kings College” xəstəxanasına yerləşdirildi. Əvvəlcə tənəffüs cihazına qoşuldu, sonra süni komaya salındı, lakin dünən səhər öldü”, – deyə ailə üzvləri bildirib.

Onların sözlərinə görə, uşağın səhhətində problem olmayıb:

“Virus yoluxucu olduğu üçün son anlarında onun yanında ola bilmədik”.

Mediada bildirilib ki, meyit ailəyə verilməyib. Uşağın yaşı və əvvəllər səhhətində problem olmaması səbəbindən ekspertiza aparılacaq.

Azərbaycanlı cərrah ölümcül virusa yoluxdu

İsraildə yaşayan azərbaycanlı həkim Rüstəm Cəfərov koronavirusa yoluxdu.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, ortoped-cərrah hazırda özünün çalışdığı xəstəxanada karantindədir.

Onun vəziyyəti stabildir. Səhhətində ağırlaşmalar yoxdur.

Qeyd edək ki, İsraildə diaqnoz qoyulanların sayı 4347-ə yüksəlib və daha 3 xəstənin ölümü ilə ölənlərin sayı 15-ə çatıb. 80 xəstənin vəziyyəti isə ağırdır. Virusa yoluxanların və vəziyyəti ağır olanların arasında heç bir xəstəliyi olmayan 22 yaşlı bir gənc də var.

Amerika hərbi gəmisində 100 koronaviruslu dənizçi aşkarlandı

ABŞ hərbi-dəniz qüvvələrinə məxsus “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi Pentaqona həyəcan siqnalı göndərərək, təcili yardım və ekipajın xilas olunması çağırışını etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, ABŞ-ın mülkiyyətində olan Quam adasında lövbər salan həmin gəmidə epidemiya bu günlərdə aşkarlanıb. Gəminin tibb xidmətinin keçirdiyi testlər onlarla dənizçidə “SARS-CoV-2” virusunun yeni tipi müəyyən eidlib. Gəminin hərbi rəhbərliyi ekipajın 4000 üzvünün yoluxma ehtimalının güclü olduğunu bildirib.

“Biz müharibədə deyilik, dənizçilər ölməməlidir”,-deyə kapitan Brett Krozye 30 martda yazdığı raportda qeyd edib. Gəmi kapitanı infeksiyanın yayılma sürətinin olduqca yüksək olduğunu və atom təyyarədaşıyıcı gəmidə heyətin ən az bir neçə həftəlik təcdrid olunmasının gərəkliliyini qeyd edib.

ABŞ Sakit okean donanmasının komandiri admiral Con Akvilino “Reuters” agentliyinə verdiyi müsahibədə dənizçilərdən heç birinin xəstəxanaya qaldırılmadığını və hər hansı ekipaj üzvünün təhlükə həddində olmaıdğını deyib.

“The San Francisco Chronicle” qəzetinin məlumatına əsasən, artıq 100-dən çox dənizçi “COVİD-19” virusunun daşıyıcısına çevrilib. “CNN” isə statistik rəqəmlərin doğru olmadığını, ABŞ hərbi-dəniz rəhbəlriyinin Çin və Şimali Koreyanın gözündə zəif vəziyyyətə düşmək istəmədiyini xəbər edib.

Birləşmiş Ştatlaırn hərbi-dəniz qüvvələrinin, habelə NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı admiral Ceyms Stavridis bu cür insidentlərin başqa gəmilərdə baş verməsi ehtimalının olduqca güclü olduğunu söyləyib.

Bundan başqa, “CNN” ABŞ-ın digər təyyardaşıyıcı gəmisi “Ronald Reyqan”da da koronavirus yoluxması halının baş verdiyini bildirib.

Sabiq Baş Nazir koronavirusdan öldü

Somalinin sabiq Baş Naziri Nur Həsən Hüseyn koronavirusdan vəfat etdi.

Hafta.az yazır ki, APA-nın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, o Londonda müalicə olunduğu xəstəxanada ölüb.

Sabiq Baş Nazirin oğlu atasının Böyük Britaniyada dəfn olunacağını bildirib.

Qeyd edək ki, Nur Həsən Hüseyn 2007-2009-cu illərdə Somalinin Baş Naziri olub.