“Azərbaycan qadını“ və caz

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production“ şirkətinin təşkilatçılığı ilə keçirilən ənənəvi Beynəlxalq caz festivalının proqramına uyğun olaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan qadını“ jurnalının növbəti nömrəsinin təqdimatı çərçivəsində caz musiqisi axşamı keçirilib. Konsertdə pianoda prezident təqaüdçüsü İsfar Sarabski ifa edib. Onu bassda Makar Novikov, zərb alətlərində Aleksandr Maşin müşayiət ediblər. Konsertdə İohan Sebastyan Baxın “Hava“, Astor Piazzollanın “Oblivion“, Pyotr Çaykovskinin “Qu gölü“ baletindən hissə, Vaqif Mustafazadənin “Popurri“, Tofiq Quliyevin “Zibeydə“ və İsfar Sarabskinin “Novruz“, “Son fürsət“, “Deja Vu“, “Agent“, “Dirçəliş“ əsərləri səslənib. Ritmlərin, melodiyaların və improvizasiyaların harmoniyasında təcəssüm tapan bu musiqi parçaları ifaçılar və tamaşaçılar arasında rabitə yaradaraq onları gözəl bir atmosferdə qovuşdurub. Ecazkar musiqi hər iki tərəfdə müsbət emosiyalar aşılayıb. İsfar Sarabskinin ifası alqışlarla qarşılanıb.
Nigar