“Bənövşəyi“ taksilərin günü “göy əskiyə“ bükülüb

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

Günə 50 manat plan verən sürücülərə sayğacla işlmək sərf etmir

Bu ildən sərnişinlərin istifadəsinə verilən “London taksiləri“ artıq neçə aydır ki, Bakı küçələrində şütüyür. Ancaq görünür Londondan gətirilən bu taksilər də “kitayski“ imiş. İstifadəyə verildiyi gündən indiyə qədər əcnəbi taksilər barədə narazılıqlar hələ də davam edir. Nəqliyyat Nazirliyi vətəndaşları bu taksilərdən daha geniş istifadə etməsi üçün bir neçə dəfə gediş tariflərində dəyişikliklər etsə də, görünür bu minik vasitələri özünü lazımi qədər doğrultmayıb.

Artıq bir neçə dəfə London taksi sürücülərinin narazılıqlarını qələmə almışıq. Ancaq görünür ilk gündən hamının səbirsizliklə gözlədiyi “bənövşəyi“ taksilər də ziyana işləyir. Həmin taksilərdə fəaliyyət göstərən sürücülər isə daha da pis vəziyyətdədir. Ard-ardınca gələn şikayətlər bunları deməyə əsas verir. Məlumata görə, taksilərdə qiymətlərin aşağı salınması sərnişin tələbatının artmasına təsir göstərməyib. Ayda 300 manat əməkhaqqına işləyən sürücülər isə narazılıq etməyə başlayıb. Hətta onların arasında işləməkdən imtina edənlər də var. Bu da yeni taksilərdə tez-tez sürücü dəyişməsi ilə müşahidə olunur. Bundan başqa bildirilir ki, London taksi sürücülərinə sayğacla işləmək sərf etmir. Bu narazılıqların həqiqətə nə dərəcədə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün həmin taksilərin olduğu mərkəzi küçələrdəki dayanacaqlara baş çəkdik.

“Yaxın məsafələrə sayğacla işləmək sərf etmir“

Məlumat üçün bildirək ki, hazırda Bakıda taksilər üçün 40 dayanacaq hazırlanır. Artıq 30-a yaxın meydan hazır vəziyyətə gətirilib. Bunlardan bəziləri “Azneft“, Gənclik meydanı, Dövlət Kukla Teatrının yaxınlığında, C.Cabbarlı küçəsində və s. yerləşir. Gələn il Bakıda keçiriləcək “Eurovision“ mahnı müsabiqəsinədək dayanacaqların hazır olacağı bildirilir. Hələlik isə təzə taksilər köhnə taksilərlə yanaşı dayanır. Onları “Sahil“ metrosu və Kukla Teatrının qarşısında görmək olar. Sürücülərlə söhbətimiz zamanı müştəri qıtlığı olduğunu etiraf etdilər. Onlar müştərilərin köhnə taksilərə daha çox üstünlük verdiyini söylədilər. Sürücülərdən birinin dediyinə görə, vətəndaşlar hələ təzə taksilərə minməyə ürək eləmir: “Çoxu fikirləşir ki, birdən sayğac çox pul yazar, ya sürücü onu aldadar. Ona görə köhnə taksilərdən istifadə edirlər. Çünki köhnə taksi sürücüsü ilə konkret qiymət danışırlar və gedirlər. Gözləyirik, bəlkə zamanla işimiz düzələr“. Digər sürücü isə yalnız imkanı və marağı olan adamların təzə taksilərə mindiyini dedi: “Sınaq üçün minirlər və deyirlər məsələn, “Sahil“dən “Gənclik“ metrosuna sür. Bəzən əyləncə, həvəsdən ötrü minirlər. Bir də axşamlar rus dilli müştərilərimiz olur“. Sürücülərdən sayğacdan istifadə edib-etmədiklərini də xəbər aldıq. Nadir adlı sürücü sayğacdan istifadə etdiyini desə də, bunun onlara heç də sərf etmədiyini bildirdi: “Yeni taksilərdən uzaq məsafəyə gedənlər bir o qədər də istifadə etmir. Çünki uzaq məsafə üçün sayğac sərfəli deyil. Bu taksidən ancaq yaxın məsafəyə gedənlər istifadə edir ki, bu da bizə sərf etmir. Sayğac az yazır, ancaq bizim gün ərzində qazandığımızın miqdarından asılı olmayaraq plan verməyik“. Sürücü Hikmətin sözlərinə görə isə bəzən müştərilər hesabı danışıb aşağı salmaq da istəyirlər: “Sayğac çox yazanda müştərilər dil-ağız edib pulu aşağı salmağa çalışırlar. Ancaq bu bizlik bir şey deyil...

Gündəlik 65 manat...

...Onsuz da gün ərzində qazandığımın 50 manatı plana gedir. Aşağı salsam nə qədər itirmiş olaram. Taksiyə minən müştərilərin gözü yol boyu sayğacda qalır. Sayğac vasitəsilə kimisə aldatmaq, ya çox pul almaq mümkün deyil. Düzdü, yaxın yerlərə gedən vətəndaşlar üçün bu taksilər sərf edir. Ancaq uzağa gedən yoxdur ki, biz də 5-10 manat qazanaq“. Üstəlik, hər gün taksi üçün 15 manatlıq solyarka pulunu da sürücülər özləri ödəyir. Burdan da belə başa düşmək olar ki, sürücülər gündə 65 manat çox qazanmalıdır. Sürücülər də bildirirlər ki, gün ərzində bu pulu qazanmaq olmur: “Çünki bu taksilərə minən yoxdur. Burda demək olar ki, işçi heyəti hər gün dəyişir. Sürücülər planı ödəyə bilmir deyə işləməkdən imtina edir. Onları da yeniləri əvəzləyir. Hər gün eyni proses davam edir“. Həmsöhbətimiz onu da bildirdi ki, “London taksiləri“ istifadəyə verilən gündən sürücülərə 300-350 manat maaş vəd edilmişdi. İndi isə maaşlar kəsilərək 249 manata endirilib. Bu da sürücülərin narazılığına səbəb olub. Lakin sürücülər onu da bildirdilər ki, maşınların texniki servisinə söz ola bilməz: “Bu maşınların xarab olma ehtimalı azdır. Elə ki bir yeri xarab oldu, təcili şəkildə düzəldirlər. Qarajda ingilislər işləyir. Maşın əziləndə də qorxusu yoxdur. Çünki bu maşınlar 100 faiz sığorta edilib. Bizdən çox maşınların qeydinə qalırlar. Çətinliyimiz ancaq planla bağlıdır“. Bu deyilənlərin və narazılıqların həqiqətə nə dərəcədə uyğun olduğunu öyrənmək üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin gün ərzində nazirliyə dəfələrlə zəng etməyimizə baxmayaraq dəstəyi götürən olmadı.
Məlumat üçün xatırladaq ki, “London taksiləri“ Böyük Britaniyanın “Manganese Bronze“ şirkətindən alınıb. Bakıya sonuncu dəfə bu taksilərdən 200 ədəd gətirilib. İlin sonunadək isə onların sayı 1000-ə çatdırılacaq. Qeyd edək ki, TX4 markalı taksiləri sifariş etmək üçün hər bir şəhər sakini *9000 telefon nömrəsinə zəng etməklə onların xidmətindən istifadə edə bilər. Taksidən istifadə zamanı hər sərnişin 10 min manat məbləğində sığortalanır. Onu da xatırladaq ki, Bakıda ilk dəfə sayğacdan bu taksilərdə istifadə edilməyə başlanılıb.
Nigar İxtiyarqızı