“Azərişıq” işə qəbulla bağlı interaktiv müsahibələrin tətbiqinə start verib

13:20 17.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin kadr siyasətində gənclərə üstünlük verməsi “Azərişıq” ASC üçün də əsas istiqamətlərdən biridir.

Hafta.az xəbər verir ki, bunu bu gün "Azərişıq" ASC-nin Təlim Tədris Mərkəzində keçirilən interaktiv işə qəbul müsabiqəsinin təqdimat mərasimində "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, ölkə başçısının gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı verdiyi tövsiyə və çağırışlar yeni kadr ehtiyatının gənclərdən təşkil olunmasına, iş fəaliyyətində yeni, sağlam təfəkkürün ön plana çıxmasına öz təsirini göstərir:

"Bundan əlavə, ölkə başçısının bütün sahələrdə innovativ, texnoloji metodlardan istifadə ilə bağlı tapşırıqlarını da nəzərə alan “Azərişıq” ASC növbəti yenilik etdi. Regionlar üzrə Səhmdar Cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq, yeni ildən interaktiv müsahibələrin tətbiqinə start verildi. Müsabiqələr ilk dəfə olaraq teleprezent sistemi ilə keçirilir. Bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir. Belə ki, Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir, həm zaman itkisinə yol vermir, həm də yol üçün əlavə xərc çəkmiş olmurlar. Bu operativliyin və işə qəbulda şəffaflığın təmin edilməsi üçün uğurlu vasitə hesab olunur".

T.Mustafayev deyib ki, ilk dəfə müasir teleprezent sistemi ilə Qərb regionundan canlı müsahibədə 14 namizəd iştirak edərək müxtəlif vəzifələr üzrə Tədris Mərkəzində kurs keçmələri üçün qeydiyyata alınıblar: "Xatırladaq ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər.

Qeyd edək ki, “Azərişıq” ASC-nin hazırda Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, İmişli şəhərlərində tədris mərkəzləri fəaliyyət göstərir. Gələcəkdə tədris mərkəzlərinin digər şəhər və rayonlarda da açılması planlaşdırılır. Mərkəzlərdə müəllim və professor heyəti tərəfindən SC əməkdaşlarına ən son texnoloji yeniliklərin imkanlarından yararlanaraq yeni praktik biliklər tədris olunur".