Bakı Beynəlxalq Avtovağzalında müəmmalı özbaşınalıq

17:15 19.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Öz-özümə düşünürəm: niyə Azərbaycanın sərnişindaşıma sistemində qayda-qanun yaratmaq mümkün olmur. Bakıda bu boyda, bəlkə də keçmiş sovetlər məkanında bənzəri olmayan müasir, beynəlxalq səviyyəli avtovağzal tikilib. O avtovağzal ki, oradan Azərbaycanın bütün bölgələrinə günboyu avtobuslar işləyir və hətta dünyanın bir sıra ölkələrinə - Rusiya, Türkiyə, Gürcüstan, İran və bəlkə başqalarına da buradan avtobuslar sərnişin daşımaqdadır. Bu da o deməkdir ki, avtovağzalda sərnişinlərin heç də hamısı, bəzilərinin düşündüyü kimi, “rayonlu” deyil, Azərbaycan haqqında ölkələrində rəy formalaşdıracaq əcnəbilər də var.

Qısası, İslam hümmətinin ən mötəbər mərasimlərindən olan Qurban bayramında məhz bu avtovoğzalda elə problemlə üzləşdim ki... Gündən-günə inkişaf edən ölkəmizdə Bakı avtovağzalının irəli deyil, əksinə geri getməsi məni dəhşətə saldı. Əslində problem bayram səfərindən təxminən 10 gün əvvəl başlayıb. Avqustun 3-də Beynəlxalq Avtovağzalın saytına daxil olub online bilet sifariş eləmək istədim. Amma bilet sifarişi prosesini yarıyadək gedə bildim. “Yer seç” komandasına çatanda  deaktiv olduğunu gördüm. Neçə dəfə təkrarlasam da eyni halla baş verdi və beləliklə, sabahı gün – avqustun 4-də avtovağzala gedərək 10 avqust tarixinə, saat 11.40 üçün bilet sifariş elədim. Bununla da 6 manat 10 qəpiklik bilet mənə 7 manat 70 qəpiyə başa gəldi (şəhərarası avtobuslara ödədiyim yolhaqqı və 40 qəpik də kassirin rüsumu). Beləliklə, avqustun 10-da, şəhərdəki tıxacları və avtobusun tez yola düşə bilmə ehtimalını nəzərə alaraq saat 10.30-da artıq avtovağzalda, Göyçaya gedən avtobusların dayandığı perronda gözləyirdim.  

Bilet aldığım avtobusa minik 11.10-da başlasa da, hələ də avtobusdan xəbər-ətər yox idi. Perronda toplaşmış sərnişinlər arasında yayılan “avtobuslar aşağıda (avtovağzaldan kənarda) adamları götürüb gedirlər, bura çıxmırlar” söz-söhbətindən təlaşlansam da, kassadan aldığım rəsmi bilet bir az təsəlli verirdi. Amma bu da o vaxtadək ki, artıq saat 11.35 idi. Bu zaman izdihamın arasında görünən avtovağzalın uniformalı rəsmi əməkdaşı “Göyçaya kim bilet alıb” soruşduqda, “mən” dedim. Əməkdaş da “Avtobus sizə görə yola düşə bilmir, camaat gözləyir” minnətini üzümə vurub məni avtovağzalın yuxarı başına – otel tərəfə istiqamətləndirdi. Mən də ona “Göyçay avtobusu buradan yola düşür, saatyarımdır günün altında gözləyirəm” cavabını verdimsə də, avtovağzalın əməkdaşından səs çıxmadı.

Nə isə, gəlib avtobusu əvvəlcədən bilet satılan kassaların arxasındakı perronda tapıram. Yerimdə də bir qadın sərnişin oturub. Bir kəlmə dedim ki, xanım bura mənim yerimdir, bilet almışam. Qadın da qayıdasan ki, "gözlərim aydın sənin yerindir!" Saatyarım avtobusu günün altında gözlədiyim üçün çox əsəbi olsam da, özümü onun səviyyəsinə endirmədim. Cavabla qane olmayan "qadın" qəzəblə enir maşından, ərkyana sürücüyə qışqırır ki, artıq bu avtobusla getmək istəmir. Çünki yerində oturduğu adam (mən) ondan qalxmasını istəmişəm. Hələ bu azmış kimi, Azərbaycan qadınına yaraşmayan ifadələr də işlədir. Nə isə, sürücü müticəsinə onu başqa yerdə (14-cü yerdə) əyləşdirir. Onun ardıyla başqa bir qız yerimdə oturmaq istəyir, ona da etiraz edirəm. Bu zaman yanaşı oturacaqda oturan qadın mənə etiraz edir ki, kişi ilə oturmaq istəmir. Başa saldım ki, 10 gün öncə bilet alanda mənə demədilər ki, yanındakı sərnişin qadındır və insafən, o, susdu.

Bu yerdə açıqlama verim ki, mən oturan oturacağa saxta oturacaq bərkidilmişdi və sürücü onu da bir gənc xanıma satdığından qeyri-ixtiyari iki qadının arasında əyləşməli oldum.

Xatırladım ki, vaxtaşırı sərnişin avtobuslarında reydlər keçirilir, sürücünün kimliyinin araşdırılması ilə yanaşı, həm də qanunsuz oturacaqlar sökülür. Maraqlıdır, Beynəlxalq Avtovağzalda rəsmən sərnişindaşıma ilə məşğul olan avtobusda belə oturacaqları niyə heç kim görmür və ya görmək istəmir? Hətta sürücü öz yanında – motorun üstündə də sərnişin aparır, amma bu qanunsuzluğu avtovağzalda heç kimin diqqəti çəkmir...  

Bir maraqlı fakt da diqqətimi çəkdi: bayram günü olduğundan avtovağzalda saysız-hesabsız sərnişin kassalarda bilet tapmadığından əlacsız qalıb taksi axtarırdı. Amma necə oldusa, lazımi perrondan çox uzaqda “gizlənərək” Göyçaya yola düşəcəyi anı gözləyən avtobusda xeyli sayda boş yerlər qalmışdı və sürücünün bir kəlmə “yola düşürük” deməsi ilə yerdə gözləyən adamlar bütün boş oturacaqları tutdular. Və onu da bilirəm ki, avtobusun lazım olan perrondan uzaqda dayandığını və biletli sərnişinləri “oğru elə qışqırdı, doğrunun bağrı partladı” prinsipi ilə günahlandıran sürücünü avtovoğzalın rəsmi əməkdaşı da görürdü, amma sanki belə olmalıymış kimi heç nə demirdi...

Müqəddəs bayram günündə kimlərinsə tamahkarlığı üzündən sinirlərim pozulduğu üçün məsələni elə yoldaca internet vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova ilə müzakirə etdim. Hətta avtobusun şəklini də ona göndərdim. Nuridə xanım birmənalı şəkildə qeyd elədi ki, avtobusun onun üçün ayrılmış perronda dayanmaması yolverilməzdir. Xanım müsahibim ona ünvanladığım yazılı şikayəti və avtobusun şəklini artıq avtovağzal rəhbərliyinə göndərdiyini və məsələnin mütləq araşdırılacağını, sürücünün isə bu cür qanunsuz davranışına görə cəzalandırılacağını bildirdi...

 

P.S. Sürücünün cəzalandırılıb-cəzalandırılmamasından xəbərim yoxdur, onun avtobusu dayanmalı olduğu perronda deyil, başqa yerdə saxladığını görən avtovoğzal əməkdaşından da niyə qaydaları pozuğunu soruşub-soruşmadıqlarını bilmirəm. Bircə onu bilirəm ki, bütün istiqamətlərə hərəkət edən avtobuslara bilet satışına başlananda avtovağzalda Avropada olmayacaq qədər ciddi nizam-intizamın şahidi olmuşam. Hətta avtovağzalın əməkdaşları bir-bir avtobuslara qalxıb sərnişinlərin bilet alıb-almadığını soruşurdular. Kaş ki, yenə belə intizam görəydik Bakı Beynəlxalq Avtovağzalında. Rayonlardan isə danışmıram, Göyçayda dövlət müasir avtovağzal binası tiksə də, orda nə kassa var, nə də bilet satan, kim qabağa düşdü nağd pulunu verib sürücüdən yer alır. Həm də 1 manat bahasına...