Bakı küçələrində erməni mahnısı səsləndirildi - GÜNÜN TƏZADLARI

18:25 04.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bazar günü sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb oldu. Hafta.az-ın yazdığına görə, BakuPost.az xəbər verir ki, həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib. Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər. Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər.

Bu provokasiya xarakterli video qısa müddətdə sürətlə yayılıb və insanların hiddətinə səbəb olub.

 

Ağdamda kişi at arabası ilə qonşusunu tapdaladı

Ağdamda mal-qara üstündə düşən dava zamanı bir nəfər öldü. Hafta.az yazır ki, "Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayonun Xındırıstan kənd sakinləri - Nəsibov Umud Qulu oğlu və Hətəmov Əli Əsgər oğlu arasında mal-qara üstündə mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı U.Nəsibov Ə.Hətəmovu döyərək at arabası ilə üzərindən keçib. Ağır xəsarətlər alan Ə.Hətəmov xəstəxanaya aparılarkən yolda ölüb. Ə.Hətəmovun meyiti tibbi müayinədən keçmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Türkiyədə  Astronomiya Mərkəzi yandı

Ankaranın Mamak rayonunda Əli Quşçu Astronomiya mərkəzində yanğın oldu.   Hafta.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, yanğın öncə elmi mərkəzin qülləsində baş verib, sonra bütünlükdə binaya yayılıb. Astronomiya mərkəzi bazar günü qapalı olması səbəbindən hadisədə ölən və ağır yaralanan olmayıb. Lakin 8 nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Yanğın zamanı baş verən partlayışlardan yaxınlıqdakı binalar zərər görüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, faktla bağlı araşdırma başlanıb. Qeyd edək ki, 2017-ci ildə Mamak Bələdiyyəsinin layihəsi olaraq istifadəyə verilən mərkəz tək elm adamlarının tədqiqat yeri olaraq deyil, səma cismləri ilə maraqlanan hər kəsin ziyarət yeri olub.

 

Planetimizdə tamamilə cansız sahə tapıldı

Paris-Syud Universitetinin alimləri Efiopiyanın Dallol vadisində hər hansı bakteriyaların mövcud olmadığını aşkarladılar. Hafta.az-ın yazdığına görə "Report" xəbər verir ki, bu barədə "Nature Ecology & Evolution" jurnalı bildirib. Beləliklə, onlar planetdə suyun mövcudluğunun həyat əlaməti olması barədə iddiaları şübhə altına qoyublar. "Bizim tədqiqatımız sübut edir ki, Yerin səthində hətta su olduğu halda tamamilə cansız yerlər mövcuddur", - deyə alimlər jurnala bildiriblər. Onlar aydınlaşdırıblar ki, bu vadidə suyun temperaturu müsbət 109 dərəcədir. Ərazidəki suyun tərkibində maqnezium üstünlük təşkil edir. Habelə suyun tərkibində son dərəcə turş və duzlu məhlul var. Suyun belə tərkibi bütün canlı hüceyrələri məhv edir.

 

Canavar sürüsü Xınalığa hücum etdi

Qubada yağan güclü qardan sonra ac qalan canavar sürüsü Xınalıq kəndinə girdi. Hafta.az yazır ki, “Report”un Şimal bürosunun verdiyi məlumata görə, kənd sakinləri bildirib ki, 7 canavardan ibarət sürü bu gecə kəndə girib. Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib. Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.

 

Kürdəmirdə yol kənarında dayanan sürücünü maşın vurdu

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verdi. HAAPA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sığırlı kəndi ərazisindən keçən Bakı-Qazax magistralında qeydə alınıb. Yük maşınının sürücüsü Şirvan şəhər sakini 1964-cü il təvəllüdlü Mikayılov Rəfael Ayazxan oğlu idarə etdiyi avtomobilin təkərində nasazlıq yarandığından kabinədən düşərək təmir işlərinə başlayıb. Həmin vaxt eyni istiqamətdə hərəkətdə olan digər avtomobil R.Mikayılovu vuraraq ona ağır xəsarət yetirib. Yaralı kəllə-beyn travması ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.