Bakı metrosundan sərnişinlərə müraciət 

11:38 01.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bakı Metropoliteni” QSC sərnişinlərə müraciət edib.

 

Qurumdan hafta.az-a daxil olan müraciətdə deyilir:

 

"Yay mövsümü ilə metropolitendə sanitariya normaların tələblərinə əməl edilməsi ilə bağlı nəzarət mexanizmləri gücləndirilib. Dövrün mikroiqlim xüsusiyyətləri nəzərə alınmaqla sərnişinlərin müxtəlif qablaşdırılmış sulardan, həmçinin qida və kulinariya məhsullarından istifadə etməsi hallarının artması müşahidə olunur. Stansiya və qatarların təmizliyinin qorunub saxlanması məqsədilə bir sıra tədbirlər yerinə yetirilir, monitorinqlər davam etdirilir. Bununla yanaşı, “COVID-19” pandemiyası dövrünün tələbləri əsasında sanitar-gigiyenik qaydalara ciddi əməl olunması aktuallığını qoruyub saxlayır.

 

Məlumdur ki, metropoliten stansiyalarında sərnişin təhlükəsizliyi, eləcə də sanitariya qaydalarının qorunub saxlanması məqsədilə tullantılar üçün konteynerlər qoyulmur.

 

Qeyd edilənlər nəzərə alınmaqla, stansiyalarda gücləndirilmiş təmizlik işlərinin həcmi və miqyası artırılıb, davamlı nəzarət təmin edilib. Lakin qatarlarla bağlı vəziyyət fərqlidir. Vaqonlarda müvafiq yoxlama və nəzarət tədbirlərinə, əsasən, sonuncu stansiyalarda yol verilə bilər. Bununla belə Qırmız xəttin “İçərişəhər”, Yaşıl xəttin “Dərnəgül” stansiyalarında qatarların bir yoldan digər yola keçirilməsini təmin edən dönmə kameraları yoxdur. Belədə qatarlara əlavə sanitariya baxışının keçirilməsi intervalların artması və yubanmalara yol verilməsi ilə nəticələnəcək. Bu səbəbdən “İçərişəhər” və “Dərnəgül”, habelə Yaşıl xəttin “Memar Əcəmi” stansiyalarından xəttə çıxan qatarlarda, hərəkət qrafikinin pozulmaması şərti ilə, ən qısa müddəti nəzərdə tutan təmizlik işləri təşkil edilir.

 

Hər iki xətt üzrə qatarların müntəzəm dönmə əməliyyatı aparılan sonuncu stansiya “Həzi Aslanov”dur. Məhz bu stansiyada qatarlara sanitariya nəzarəti çərçivəsində atılmış əşyaların yığışdırılmasına yalnız müəyyən mənada imkan var.

 

Ümumən qatarlarda əsaslı sanitariya baxışının keçirilməsi və təmizlik işlərinin aparılması yalnız depo şəraitində mümkündür.

 

“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, stansiyalarda və xüsusən qatarlarda istifadə olunmuş qablaşdırılmış su, qida və kulinariya vasitələrinin atılmamasını rica edir. Eyni zamanda stansiya və qatarlarda oturacaq və tutacaqların, habelə əllə təmas olunan digər səthlərin təmiz saxlanması vacibdir.

 

Unutmayaq, paytaxtın əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropoliten insanların kütləvi toplaşdığı və hərəkət etdiyi məkanlardandır. Günümüzün aktual məsələlərindən biri sanitar-gigiyenik qaydalara riayət olunmasıdır. Bu, metropolitendə hər bir sərnişinin sağlamlığının əsas meyarlarından biridir. Bir sərnişinin diqqətsizliyi və yaxud biganəliyi yüz minlərlə insanın, o cümlədən hər birimizin evinin sakini və qonağı kimi metropolitendən istifadə edən ailə üzvlərimizin və yaxınlarımızın sağlamlığına xələl gətirə bilər".

Oxunma sayı 149