Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə çağırış edib

13:05 10.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər və rayonların icra hakimiyyətləri tərəfindən paytaxtın rayonlarında küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, bununla əlaqədar paytaxt meriyası və rayon icra hakimiyyətləri sakinlərə müraciət edərək öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırır.

Qeyd edək ki, bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər yaşadıqları binaların eyvanlarını öz təşəbbüsləri ilə müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər. Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə, güllər daha yaxşı inkişaf edərək əraziyə gözəllik verəcəkdir.

Artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanmasına başlanılıb.

Oxunma sayı 327