Elektron kadastr xəritələri yaradılacaq

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovdan aldığımız məlumata görə, Gəncə və Şəkidə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı“ layihəsinin icrası davam etdirilir. Həmsöhbətimiz vurğuladı ki, bu layihənin həyata keçirilməsi nəticəsində daşınmaz əmlak sahəsində dövlət idarəçiliyinin səmərəliliyinin təmin edilməsi, şəhər planlaşdırılmasının və inkişafının təkmilləşdirilməsi, torpaq sahələri və daşınmaz əmlak obyektlərindən daha səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaradılacaq: “Dövlətin, özəl torpaq sahiblərinin və bələdiyyələrin əmlaka dair elektron kadastr məlumat bazası və elektron kadastr xəritələri yaradılacaq. Eyni zamanda, torpaq islahatı zamanı torpaq sahələri üzərində atributların formalaşması ilə bağlı yaranmış problemlər aradan qaldırılacaq. Dövlət, bələdiyyə, özəl torpaqların sərhədlərinin dəqiq müəyyən edilməsi işləri reallaşdırılacaq. Bütün bunlar isə vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq. Bunlarla yanaşı, layihə nəticəsində şəffaf və səmərəli fəaliyyət göstərən daşınmaz əmlak bazarının inkişafı və stimullaşdırılması nəzərdə tutulur. Mütəxəssislərin fikrinə görə, inkişaf etmiş ölkələrin kadastr sahəsindəki müasir təcrübələri əsasında həyata keçirilən bu kimi layihələrin nəticəsində daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud prosedurların sadələşdirilməsi, qeydiyyata sərf olunan vaxtın azaldılması, məlumatların dəqiqliyinin təmin edilməsi, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına, bütövlükdə elektron xidmətlərin geniş miqyasda tətbiqinə nail olunacaq“.
Təbriz Vəfalı