Bakıda kişi avtomobilini pivəxanaya çevirdi – Günün təzadları

18:11 15.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən pivəxana aşkar edildi.

Moderator.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbənin R.Axundov küçəsində yerləşən “Kabak” restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və müştəriləri qəbul etdiyi məlum olub. Hətta obyektin sahibi restoranın işlədiyi barədə xüsusi reklam çarxları hazırlayaraq sosial şəbəkələrdə yerləşdirib.

Qeyd edək ki, Samir Qəhrəmanov və işçiləri məsuliyyətdən yayınmaq üçün avtomobillə obyektin qarşısında dayanan müştərilərə elə nəqliyyat vasitəsinin salonunda xidmət göstəriblər. Bunun üçün S.Qəhrəmanov avtomobilin salonunda spirtli içkilər və yeməklər qoymaq üçün xüsusi qablar da düzəltdirib. Obyektə və oranın mətbəxinə baxış zamanı yeməklərin adi sanitar-gigiyenik qaydalara belə əməl olunmadan hazırlandığı ortaya çıxıb. Tədbir zamanı obyektin ümumilikdə 11 işçisi və yeddi müştərisi saxlanaraq polis idarəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan Samir Qəhrəmanov və restoranın əməkdaşı Azad Böyükkişiyev rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 10 və 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, araşdırma zamanı A.Böyükkişiyevin narkotik vasitə aludəçisi olduğu da məlum olub. Müştərilər və obyektin digər əməkdaşları barəsində Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların hər biri 100 manat məbləğində cərimə olunublar.

 

“BP” şirkətində azərbaycanlılara yüksək vəzifə verildi

Daha iki azərbaycanlıya “bp” şirkətində yüksək vəzifə həvalə olundu. Hafta.az-ın yazdığına görə, Musavat.com şirkətin regional ofisinə istinadən xəbər verir ki, “bp” şirkətinin qlobal strukturunda etdiyi dəyişikliklərin bir hissəsi olaraq bir sıra yüksək vəzifəli azərbaycanlı kadrlar şirkətdə yeni daha böyük vəzifələrə təyin olunublar.

Bunlardan hazırda şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti olan Nərminə Nəbiyeva bu ilin 1 iyul tarixindən “bp”nin London ofisində dəstək funksiyaları, strategiya və davamlılıq, regionlar, şəhərlər və həllər bölümlərinin insanlar və korporativ mədəniyyət üzrə baş vitse-prezidenti (senior vice president enablers, strategy & sustainability, regions, cities & solutions) vəzifəsinə təyin olunub. Eyni zamanda hazırda regionun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli 1 iyul tarixindən daha geniş coğrafiyada kommunikasiya və təşviqat üzrə məsələlərə rəhbərlik edəcək. Bəxtiyar Aslanbəylinin yeni vəzifəsi Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidentdir (vice president communications & advocacy for Middle East & Caspian). Bu ölkələrə Azərbaycan, Gürcüstan, Türkiyə, İraq, Oman, Küveyt və BƏƏ daxildir. Bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz hər iki mütəxəssis haqqında yüksək fikirdə olduqlarını deyib: “Nərminə və Bəxtiyar bizim regionun rəhbər komandasında biznesimizin uğuruna böyük töhfələr vermiş yüksək vəzifəli kadrlardır. Biz onları yeni daha məsuliyyətli vəzifələrdə görməkdən çox məmnunuq. Bu bir daha onu göstərir ki, Azərbaycanlı peşəkarlara qlobal şirkətlərdə beynəlxalq səviyyəli kadrlar kimi tələbat var. Hər iki həmkarımıza bp-dəki yeni vəzifələrində uğurlar arzulayırıq.

 

Masallıda sürücü avtomobildə diri-diri yandı

Daxili İşlər Nazirliyi (DİN) Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yaydı. Hafta.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 14-də saat 19 radələrində Masallı rayonunun Həsənli kəndi ərazisində kənd sakini İsa Soltanovun idarə etdiyi “ZİL” və Yardımlı rayon sakini Ü.Əbişovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşduqdan sonra “ZİL” markalı avtomobildə yanğın baş verib. Nəticədə yanıq xəsarəti almış sürücü hadisə yerində ölüb.

Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Kürdəmirdə qayınanası ilə mübahisə edən kişi özünü yandırdı

Kürdəmirdə intihara cəhd hadisəsi baş verdi.

Hafta.az xəbər verir ki,  “Report”un yazdığına görə, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsində qeydə alınıb. Belə ki, 37 yaşlı Cəbrayıl rayon sakini Baxışov Anar Qurban oğlu qayınanası, Kürdəmir rayon Ərşəli kənd sakini İsgəndərova Şəlalə Dostumalı qızı ilə mübahisə edib. Bu zaman Anar Baxışov qəsd məqsədilə üzərinə benzin tökərək özünü yandırıb. O, ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər A.Baxışova bədənin çoxsaylı termiki yanığı diaqnozu qoyublar. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

“Azərpoçt”da 45 min manat yoxa çıxdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də oğurluq hadisəsi baş verdi.

Hafta.az yazır ki, “Report”un xəbərinə görə, hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb. Belə ki, poçtda daxili yoxlama aparılan zaman 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı məlum olub. Daha sonra “Azərpoçt” bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.

 

Oxunma sayı 666