Pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1474,7 milyon manat ayrılıb

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevdən aldığımız məlumata görə, cari ilin yanvar-sentyabr aylarında adıçəkilən qurumun gəlirləri 1525 milyon manat təşkil edib və bu, 2010-cu ilin müvafiq dövrünə nisbətən 249,9 milyon manat və ya 19,6 faiz çoxdur.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 868,6 milyon manat olub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,4 faizi və ya 515,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşür: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 14,4, torpaq mülkiyyətçiləri üzrə isə 16,8 faiz artıb. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 352,8 milyon manat təşkil edib. DSMF-nin xərcləri isə 1508,9 milyon manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fondumuz tərəfindən 1474,7 milyon manat vəsait yönəldilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 246,3 milyon manat və ya 20,1 faiz çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,2 faiz və ya 241,6 miylon manat artaraq 1435,5 milyon manat olub. Bu ilin 9 ayında əhaliyə 39,2 milyon manat məbləğində müavinət ödənilib“.
Təbriz Vəfalı