Bakıda vətəndaşlara borc pul paylayan aparatlar quraşdırıldı - GÜNÜN TƏZADLARI

18:39 22.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakıda  bir neçə yerdə insanlara “pulsuz pul” paylayan aparatlar quraşdırıldı.  Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər. “Cihaz pul çıxarılan tərəfi çölə olmaqla, iri supermarketlərin içərisində quraşdırılıb. Üzərində “Azpulmat” sözləri yazılan aparat kənardan bankomata bənzəsə də, funksiyası yuxarıda da qeyd etdiyimiz kimi borc pul verməkdir. Müşahidə etdik ki, aparatdan borc istəməyə gələn insanların çoxu işsizlərdir. Onların bir neçəsi ilə söhbət etdiyimiz zaman bildirdilər ki, aparatdan çox razıdırlar. Çünki qohumlarından, tanışlarından ala bilmədikləri borcu, bu dəmir parçası onlara 30 saniyə içərisində verir...” Sözsüz ki, bu, ilk baxışdan belə sərfəlidir. Məsələnin öyrənilməli başqa tərəfləri var...

 

Kəlbəcər Maliyyə şöbəsinin əməkdaşı komaya düşdü

Gəncədə Kəlbəcər Maliyyə şöbəsinin qadın əməkdaşı aldığı xəsarətdən komaya düşdü. Hafta.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə kəlbəcərlilərin məskunlaşdığı qaçqın şəhərciyində qeydə alınıb. Bacısının keçmiş nişanlısı tərəfindən xəsarət yetirilən 1998-ci il təvəllüdlü Qəmbərova Validə Rauf qızı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirib. Əldə edilən məlumata görə, V.Qəmbərova ailədaxili münaqişə zəminində xəsarət alıb. O, bacısı ilə keçmiş nişanlısı dava edərkən onları aralaşdırmaq istəyib. Bu zaman oğlan onu itələyib. Yıxılaraq başından xəsarət alan V.Qəmbərovanın komaya düşdüyü bildirilir. Qeyd edək ki, xəsarət alan V.Qəmbərova Kəlbəcər rayon Maliyyə şöbəsinin əməkdaşıdır. Bacısı isə Kəlbəcər rayon Mərkəzi Kitabxanasında işləyir. Hələlik adı açıqlanmayan oğlanın isə Gəncə Regional Elmi Mərkəzin işçisi olduğu deyilir. Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma başlanıb.

 

Qabanlar narko-tacirlərin yaxalanmasına yardım etdi

Kokain ehtiyatlarını meşə saxlanclarında gizlədən italiyalı narkotacirlərin planları vəhşi qabanlar tərəfindən pozuldu. Hafta.az xəbər verir ki,  bu haqda AZƏRTAC məlumat yayıb. Qabanlar saxlancları aşkarlayaraq 17 min funt sterlinq dəyərində narkotik vasitələri meşəyə dağıdıb. Bu fakt polislərin işini xeyli yüngülləşdirib. İtaliyanın hüquq-mühafizə orqanları vəhşi heyvanların gözlənilməz hərəkətindən şikayət edən narkotik alverçilərinin danışıqlarını dinləyərək insidentdən xəbər tutublar. Nəticədə polis narkotik vasitələrin alveri ilə məşğul olan dörd nəfəri saxlayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

Ağcabədidə toy karvanındakı qəzada ölən oldu

Ağcabədidə ağır yol qəzası baş verdi. Hafta.az yazır ki, APA-nın yerli bürosunun məlumatına görə, qəza toy karvanında qeydə alınıb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

 

Binəqədidə “Shacman” körpüdən aşdı və...

Bakıda ölümlə nəticələnən yol qəzası baş verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb. “Shacman” markalı yük maşını körpüdən aşıb. Nəticədə yük maşınında olan iki nəfər ölüb. Faktla bağlı araşdırma aparılır. APA-nın məlumatına görə, ölənlər Masallı rayon sakinləri - 1990-cı il təvəllüdlü Əzim Ağabəy oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Xəzər İntiqam oğlu Hüseynovdur.