Bakıya niyə yağış yağmır – Təbii amil, yoxsa süni müdaxilə

15:54 16.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Qızmar yay aylarında havanı sərinlədən və yaranmış quraqlığı az da olsa aradan qaldıran ən gözəl təbiət hadisəsi yağışın yağmasıdır. Lakin artıq neçənci yaydır ki, paytaxt Bakımızın bəzi yerlərinə yağış yağmır. Yağanda da şəhərin bir hissəsinə yağıntı düşür, digər hissəsinə yox...

Bəs görəsən yağışın yağmamasına səbəb nədir?

Mövzu ilə bağlı hafta.az-a danışan Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirdi ki, Bakıya yağıntının az düşməsinə səbəb təbiətin qanunudur. Çünki, paytaxtımız yarımsəhra şəhəridir:

“Azərbaycan ərazisinin Bakı da daxil olmaqla 35%-ə qədəri yarımsəhra quru-çöl landşaftındadır. Abşeron, Qobustan, Kür-Araz ovalığı, Ceyrançöl, Samur Dəvəçi ovalığının cənub və Naxçıvanın böyük hissəsi  yarımsəhradır. Burada yerə düşən yağıntıdan 3 dəfə artıq buxarlanma baş verdiyindən quraq iqlim şəraiti yaranır. Həmçinin ərazilərdə olan bitki örtüyü, yəni efemerlər məcbur olaraq vegetasiya müddətini qısa zamanda yerinə yetirməli olurlar.  İndi bizim ətrafımızda gördüyümüz bütün digər ağaclar 1948-ci ildə çəkilmiş Samur-Abşeron kanalı vasitəsilə yarımadanın suvarılan torpaqlarında yetişənlərdir”.

O ki qaldı yağıntının şəhərin bir hissəsinə düşüb digər hissəsinə yağmamasına, ekoloq deyir ki, Abşeron yarımadası Böyük Qafqazın son qurtaracağı və açıq relyefə malik olduğu üçün  şimaldan gələn hava axınları sərbəst şəkildə buranı tutur. Belə olan halda küləkli havalarda yağıntıların bir qismi paytaxtın bəzi hissələrinə düşür. Burada heç bir süni proses baş vermir. Tamamilə təbii şəraitdə hava axınlarının hərəkəti nəticəsində baş verən hadisələrdir”.

Oxunma sayı 14471