“Bako Saakyan Brüsselə cibini doldurmağa getmişdi” – Qabil Hüseynli

13:48 18.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “başçısı” Bako Saakyanın Belçika Krallığına uğursuz və sırf “dilənçilik” məqsədilə həyata keçirilmiş səfəri uğursuzluqla nəticələndi. Onu Belçikada rəsmi dairələr deyil, müəyyən mafioz senatlar və qara pulların yuyulmasında adları keçən erməni lobbisinin nümayəndələri qarşıladı. Yəni, Belçikada nə qondarma qurumu tanıdılar, nə də Bako Saakyanı. İşğal edilmiş ərazilərimizdə hərbi xunta rejiminə başçılıq edən bu insanının Brüsseldə könlünü almaq üçün cibinə beşdən-ondan pul basıb gəldiyi yerə göndərdilər.

Bunu Azərbaycan mətbuatı yox, hayeli.am erməni mediası deyir. Erməni qaynaqlarında o da vurğulanır ki, Bako Saakyan Brüsselə gəlişi çərçivəsində fransızdilli Löven Katolik Universitetinin erməni dili kafedrasının rəhbəri Bernar Kuli ilə qeyri-rəsmi şəraitdə görüşdü. Onun görüşdüyü şəxslərin hər biri Brüsseldə yaşayan varlı iş adamı Kaspar Karampetyanın korrupsiya şəbəkəsində təmsil olunanlardır.

Eləcə də onun təşkilatçılığı və müşayiəti ilə işğal edilmiş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycana girişi qadağan edilmiş şəxslərdir. Lakin Kaspar Karampetyanın bütün cəhdlərinə baxmayaraq, qanunsuz rejimin “nümayəndəsi” Belçikada yerləşən yerli, Avropa İttifaqı və NATO-ya məxsus hər hansı rəsmi qurumlarda qəbul edilmədi. Bu səfərin təşkilatçısı Brüsseldə kriminal-almaz biznesi ilə məşğul olan Kaspar Karampetyandır. Onun Avropada kriminal fəaliyəti artıq bir çoxlarına bəllidir. Ona görə də Bako Saakyan Belçikada bu cür urvatsız qarşılandı.

Politoloq Qabil Hüseynli hafta.az-a açıqlamasında deyib ki, qondarma rejimin başçısı Bako Saakyan Belçikaya dilənməyə gedib: “Yəni, onun səfəri ilə bağlı yayılan bir çox fikirlər arasında məhz bunu müdafiə edirəm. Onun səfərinin digər məqsədi həm də qondarma respublikanın təbliğidir. Eyni zamanda, qondarma qurumun tanıdılması istiqamətində cəhdlərdir. Biz bunu zaman-zaman müşahidə etmişik. Amma Bako Saakyanın əsas qayğısı maliyyə marafonları keçirib varlı ermənilərdən “xeyriyyə ianələri” toplamaqdır. Bu “xeyriyyə ianələri” ilə Saakyan həm cibini doldurur, həm də onun müəyyən hissəsini qondarma qurumun “büdcəsinə” daxil edir. Bu cür vəsait toplama kampaniyaları onun Ermənistanda müəyyən qədər populyarlaşmasına da gətirib çıxarır. Bununla da Saakyan “mən elə-belə adam deyiləm” mesajını ötürməyə çalışır. Yeri gələndə o, “mən xaricə getmişəm, sizin üçün pul gətirmişəm” fikirlərdən istifadə edərək öz məqsədlərini və mövqeyini müdafiə etməyə cəhdlər göstərir. Bu da onun “hakimiyyətdə” qalmaq üçün etdiyi cəhdlərin bir qismidir.

Politoloqun fikrincə, bundan sonra Bako Saakyanın “hakimiyyətdə” qalması mümkünsüz görünür: “Çünki Nikol Paşinyanla aralarında çox ciddi ixtilaflar var. Bu ixtilafları da həll etmək mümkün deyil. Xüsusilə də Serj Sarkisyanın Xankəndində yerləşməsi və orada yaşaması, onun Bako Saakyanla xüsusi əlaqələr yaratması da Ermənistanın baş nazirinin əsəblərini oynadan amillərdən biridir. Ona görə də qondarma qurumun “rəhbərinin” siyasi perspektivlərini nikbin dəyərləndirmək mümkün deyil. Bako Saakyanın və “DQR” “rəsmilərinin” Qərbi Avropaya, Amerikaya və Rusiyaya mütəmadi səfərlərinin bir məqsədi var. Onlar Dağlıq Qarabağı “respublika” kimi tanıtmağa çalışırlar. Bunun üçün də periodik addımlar atırlar. Bako Saakyan da bu işdə “liderlik” ampulasında çıxış edir. Qondarma respublikanın “xarici işlər naziri” də ABŞ-a səfər etmişdi. Yəni, müxtəlif ölkələrə səfər etməklə onlar qondarma respublikanı “tanıtmaq” istəyirlər”.

Ermənistanda Nikol Paşinyan tərəfdarları isə hesab edir ki, Bako Saakyan qondarma qurumda seçkilər öncəsi Avropaya bir məqsədlə gedir. Erməni lobbisindən səs toplamaq və özünə tərəfdar yığmaq üçün. Maliyyə məsələsi isə yuxarıdakı iki faktın yanında kölgədə qalır.

Siyasət rubrikasından digər xəbərlər