Balaxanının tarixi abidələri bərpa olunur - REPORTAJ  

18:51 02.03.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Fuad Məmmədov: “Qəsəbədə təmir və tikinti işləri iki ilə kimi başa çatdırılacaq”

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Balaxanıdır. Balaxanı nefti Azərbaycanı dünyaya tanıdıb. Sözügedən qəsəbə, demək olar, qoruq kimi Mədəniyyət Nazirliyinin siyahısına salınıb. Balaxanı qədim tarixi abidələrlə zəngindir. Yaxın zamanlara qədər qəsəbə baxımsız qaldığından, tariximizi yaşadan bir sıra abidələr tamamilə dağılıb yox olmuşdu.Qalanları isə dağılmaq üzrə idi. Ölkə başçısının göstərişi və qayğısı nəticəsində çox sayda turist axınını özünə cəlb edən Balaxanı yenidən bərpa edilir. İşlər çox dəqiqliklə, bu sahəni mükəmməl bilən mütəxəsisslər tərəfindən icra olunur.

Hazırda Balaxanı qəsəbəsinin Səfəvilər və Dirçəliş küçələrində təmir işləri aparılır, tarixi abidələri ziyarət etmək istəyən turistlərin gəlişinə uyğun şəkilə bərpa olunur. Qədimi məhəllənin plan-forması qorunmaqla, Balaxanı küçələrində divarların bərpası, yolların yenilənməsi həyata keçirilir. 

Öncə yolumuzu Dirçəliş küçəsindən saldıq.  Küçənin daxili yollarına tamet daşlar döşənib. Evlərin fasadlarında bərpa və təmir işləri aparılıb.  Sabirin heykəli rənglənib, ətrafında isə abadlıq işləri görülüb. Çox sayda bəzək bitkiləri əkilib. Qəsəbəyə gələn mərkəzi yollar standartlara uyğun olaraq çəkilib. Yolların səkiləri bərpa olunub, tamet daşlar döşənib. Qəsəbənin mərkəzində 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olmuş Balaxanı sakinlərinin xatirəsinə ucaldılmış abidədə və onun ətrafında da təmir-bərpa işləri aparılıb. Eyni zamanda, Qarabağ şəhidlərinin xatirəsinə salınmış “Şəhidlər ölməz, vətən bölünməz” abidə kompleksi böyük bir parkı əhatə edir. Sözügedən park yenidən qurulub. Parkın daxili yollarına tamet daşlar döşənilib, küçə işıqları, söhbətgahlar, uşaq attraksionları quraşdırılıb. Hətta quş yuvalarına kimi tikilib. Adıçəkilən istirahət guşəsində uşaqların oynaması üçün ikiminlik futbol meydançası tikilib. Çoxlu sayda bəzək ağacları və kollar əkilib. Park öz gözəlliyi ilə qəsəbəyə yaraşıq verir.

Qəsəbədə abadlıq, bərpa, təmir işləri ilə Bakı Abadlıq Xidməti MMC məşğul olur. Sözügedən qurumun  mühəndisi Fuad Məmmədov aparılan işlərə şəxsən özü nəzarət edir.

Fuad Məmmədov “Həftə içi”nə görülən işlərdən danışaraq bildirdi ki,  öz qədim tarixi ilə seçilən Balaxanı qoruq zonasına daxildir: “Bu səbəbdən, qəsəbədə əsaslı şəkildə bərpa, təmir işləri aparılır. Qəsəbənin  bütün elekrtik xətləri “Azərişıq” ASC tərəfindən yenidən çəkilib. Beş min metr uzunluğunda müasir tələblərə cavab verən yeraltı elekrtik xətləri çəkilib. Eləcə də 1960-cı illərdə çəkilimiş 3 min metrə qədər rabitə xətləri yenisi ilə əvəzələnib. Qəsəbənin kanalizasiya xətti yox dərəcəsində idi. Artıq Balaxanının kanalizasiya sistemi yenidən qurulub. Bu günə kimi 3500 metr uzunluğunda kanalizasiya xətti çəkilib. Bundan sonra 2500 metr uzunluğunda kanalizasiya xəttinin çəkilişi nəzərdə tutulub. Artıq bu istiqamətdə işlər davam edir”.

 Fuad Məmmədov qəsəbədəki tarixi abidələrdən də danışdı. Bildirdi ki, XIV əsrə aid qum hamamı, su ovdanı, eləcə də XIV əsr tarixi olan su quyusu bərpa olunub: “Eyni zamanda, XIV əsrə məxsus Hacı Şəhla türbəsi uçub-dağılmışdı. Əvvəllər necə tikilmişdirsə və layihə əsasında necə vardırsa, o formada da bərpa olunub. Eləcə də  XVI əsrdə tikilmiş Karvansara, XIX əsrə məxsus Məşədi Muxtar hamamı konservasiya olunub. Qəsəbənin 7 küçəsində  təmir və bərpa işləri gedir. Belə ki,  yaşayış binalarının fasadları, dam örtükləri təmir olunub. Yerə tamet döşəmələr, yollara 32 min kvadratmetr asfalt vurulub. Təxminən, 60-70 min kvadratmetr asfaltın vurulması da nəzərdə tutulub”.

Müsahibim qəsəbənin iki parkında bərpa işlərinin aparıldığını və çoxlu sayda ağac və kolların əkildiyini də dedi. Onun sözlərinə görə, Balaxanı dünyada öz nefti ilə tanınıb və  ilk neft quyusuda məhz sözügedən qəsəbədə vurulub: “Qəsəbə ərazisində XIX əsrin sonunda tikilimiş böyük bir tikili var. Həmin o tikilidə Neft Muzeyi yaradılır. Qəsəbənin tarixini əks etdirən materiallar, fotostendllər həmin muzeydə öz əksini tapacaq.  İki ilə kimi qəsəbədə abadlıq, təmir-tikinti, bərpa və abadlıq işləri başa çatdırılacaq. Məqsədimiz Balaxanının keçmiş görkəmini, qədimliyini özünə qaytarmaqdır. Bu müddətə qədər Balaxanı öz görkəmi ilə paytaxtın ən gözəl qəsəbələrindən birinə çeviriləcək. Bütün bu görülən işlərin hamısı ölkə başçısı, cənab İlham Əliyevin təşəbbüsü və qayğısı hesabınadır”.

Qəsəbə sakinləri qəsəbədə aparılan bərpa, təmir və abadlıq işlərinə, eləcə də sakinlərə göstərilən diqqət və qayğıya görə, ölkə başçısına öz minnətdarlığını bildirdilər.