Balıq yağının gözlənilməz təhlükəsi üzə çıxdı

10:20 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məlum olub ki, balıq yağı əlavələri sağlam insanlarda ürək xəstəliyi və insult riskini artırır. Amma digər tərəfdən, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda ölüm riskini azaldır.

Hafta.az-ın “BMJ Medicine” jurnalına istinadən yazdığına görə, omeqa-3 yağ turşuları ilə zəngin balıq yağının istehlakı dünyada əsas ölüm səbəbi olan ürək-damar xəstəliklərinin qarşısının alınması üçün tövsiyə edilir.

Bəzi araşdırmalar göstərir ki, bu yağın ürəkdə ritm pozğunluğu olan atrial fibrilasiya kimi bəzi ürək xəstəliklərinə heç bir faydası yoxdur.

Balıq yağı əlavələrinin ürək sağlamlığına təsirini öyrənmək istəyən tədqiqatçılar Böyük Britaniya vətəndaşlarının sağlamlıq məlumatlarını ehtiva edən geniş məlumat bazası olan Biobank-dan 415737 nəfərin məlumatlarını araşdırıblar.

“BMJ Medicine” jurnalında dərc edilən araşdırma çərçivəsində orta yaşı 55 ətrafında olan iştirakçıların təxminən 12 illik məlumatları təhlil edilib.

İştirakçıların təxminən 30 faizi müntəzəm balıq yağı əlavələri qəbul etdiyini bildirsə də, onların əksəriyyəti ağ, yaşlı və qadın idi. Bundan əlavə, bu əlavəni mütəmadi olaraq qəbul edənlər daha çox spirt və balıq istehlak edirdilər.

Alimlər müəyyən ediblər ki, müntəzəm balıq yağı əlavəsi tədqiqatın əvvəlində heç bir ürək-damar xəstəliyi olmayan iştirakçılarda atrial fibrilasiya riskinin 13, insult riskinin isə 5 faiz artması ilə əlaqələndirilir.

Sağlam xəstələrdə bu təsirin qadınlarda və siqaret çəkməyənlərdə daha çox olduğu müəyyən edilib.

Digər tərəfdən, tədqiqatın əvvəlində balıq yağı əlavəsinin ürək böhranına çevrilmə riskini yüzdə 15, ürək çatışmazlığından ölmə riskini isə yüzdə 9 azaltdığı təsbit edilib.

Balıq yağının bu qoruyucu funksiyası kişilərdə və yaşlılarda daha güclü təsir göstərib.

Tədqiqat müşahidəyə əsaslanmaq və qəbul edilən əlavələrin miqdarını və dəqiq məzmununu bilməmək kimi bəzi məhdudiyyətlərlə üzləşir.

Britaniya Ürək Fondunun baş diyetoloqu Treysi Parker iştirak etmədiyi araşdırma haqqında deyib: "Bu tədqiqatın müntəzəm olaraq balıq yağı əlavələri qəbul edən insanlar üçün narahatlıq yaratmasına ehtiyac yoxdur. Lakin bu, ürək və qan dövranı xəstəliklərinin qarşısını almaq üçün balıq yağı əlavələri qəbul etmək üçün yaşıl işıq yandırmır".

Parker əlavələrin sağlam pəhrizi əvəz edə bilməyəcəyini vurğulayır, infarkt və insult riskini azaltmaq istəyənlərə Aralıq dənizi pəhrizini tövsiyə edir. Yağlı balıqların çox, qırmızı ətin isə az istehlak edildiyi bu pəhriz taxıl, paxlalılar, tərəvəz və meyvələrlə də zəngindir.

Oxunma sayı 208