Bankların real sektora marağı niyə yoxdur? - Müzakirə

15:14 21.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə banklar iqtisadiyyatın real sektoruna kredit verməyi riskli sayırlar. Sahibkarlar öz əmlakını kreditlər hesabına inkişaf etdirməkdə hələ də çətinlik çəkirlər. Banklar isə bu məsələdə risk faktorunu misal gətirib, real sektora istiqamətlənmək istəmirlər.  Sual yaranır ki, Azərbaycanda iqtisadiyyatın ən münbit sahələrinə böyükhəcmli kreditlərin verilməsində niyə banklar maraqlı deyillər?

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert İlham Əzizov dedi ki, bank da bir biznes müəssisəsi olduğundan, o da qoydugu vəsaiti tez qaytarmaq və qazanc əldə etmək istəyir:

“Bank kreditlərinin müxtəlif formaları olur: Bunlara istehlak, kommersiya və. s aiddir. Hal - hazırda bank sektorunda istehlak kreditləri geniş yayılmışdır. İstehlak kreditlərinin həcmi az, gəliri böyük və müddəti sərfəli olduğundan banklar kreditin bu növünə daha çox üstünlük verirlər. Lakin bu sferada da problemlər mövcuddur. Bu da kreditin faiz dərəcələrinin yüksək olmasıdır. Hazırda banklar 30000 manata qədər biznes kreditləri də təklif edirlər. Bu, kredit növü də istehsala deyil, alqı-satqı təşkilatlarına qısa müddətdə dövriyyə vəsaiti kimi lazım olur. İstehsal sahələrinə və ya ümumilikdə real sektora bu faizlərlə kredit sərfəli deyil, bəri başdan ziyandır. Hal-hazırda geri qayıtmayan kredit həcmi 1.5 milyard manata yaxındır. Ona görə o sahələrə dövlət özü aşağı faizlərlə, müxtəlif fondlar vasitəsilə kredit ayırır. Ancaq bu yetərli deyil. Bu sahələri vəsaitlə təmin etmək üçün yeni üsul və formalar düşünülməlidir”.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, bank sektoru iqtisadiyyatın real sektoruna kreditin verilməsinə marağı olmalıdır:

“Real sektor elə sahədir ki, burada risklər də vardır. Faizlərin yüksək olması, gəlirlilik səviyyəsini aşağı salır. Kreditlərin müddəti çox azdır. Uzunmüddətli və aşağı faizli kreditlər lazımdır. Buna əsasən sahibkar da öz işini qura bilsin. Azərbaycanın elə perespektivli sahələri vardır ki, orada 4-5 il gəlir gözləmək olmaz. Bir misalla izah edək: Hər hansı bir iş adamı Azərbaycanda çay kolları əkib, çay istehsalına başlamaq istəyir. Bunun üçün ona kredit lazımdır. Çayın ilk məhsul verməsi 6-7 il çəkir. 100 000 manat kredit götürsə, banklarda orta faizlər 18 faiz nəzərdə tutulursa, 6 ildən sonra 180 000 manat kredit borcu verməlidir. Və hələ 6 ildən sonra borcu qaytara bilməsə, əlavə faizlər üzərinə gələrsə görün necə çətin problem yaranacaq. Bunu bilən adam bu işi görərmi? Azərbaycanda real sektora kreditlərin verilməsinin az olmasının nəticələrini analiz etməyə ehtiyac var. Biznes kreditləri nə qədər çox olacaqsa ölkənin dayanıqlı sistemi də bir o qədər çox olacaq. İş yerləri yaranacaq. İndiki modeldə buna heç bir maraq yoxdur”.

Natiq Cəfərli dedi ki, bu problemin həlli üçün bir neçə il təklif planları hazırlayıb, təqdim edib. Çıxış yolu isə, uçot dərəcəsi aşağı düşdükdə biznes kreditləri də ucuzlaşa bilər, bu sahəyə kreditlərin verilməsi artar:

“Dəfələrlə bununla bağlı media vasitəsi ilə təkliflərimiz olub. On il bundan qabaq bu problemin yaşanacağını görüb, yeni modellərə keçidlə bağlı təkliflərimi səsləndirmişdim. Azərbaycanda özünün bu sahəyə kredit verə bilən bankı olmalıdır. Bir çox ölkələrdə ilkin addım kimi bu yaradılıb. Təklif etdik ki, iki bank yaradıla bilər: aqrar bank, investisiya bank. Bu banklar aşağı və uzunmüdətli kreditlər verə bilər. Həmçinin banklar o zaman kredit vermə yox, eləcə də biznesin idarəolunması sahəsində menecerlik edir. Yəni təkcə kassa rolunu oynamır. Azərbaycanda Mərkəzi Bankının uçot dərəcəsi ilə, banklar arasında nəzarət itib. Dünyanın hər yerində bu əlaqə mövcuddur. Türkiyə prezidenti mərkəzi bankı tənqid edir ki, uçot dərəcəsini aşağı salsın. İnsanlar ucuz kredit götürə bilsinlər. Azərbaycanda 6 il öncə uçot dərəcəsi üç faiz idi, kredit faizləri 25-30 faiz təşkil edirdi. Bu gün isə uçot dərəcəsi 9 faizə yaxındır, yenə istehlak kreditlərinin faizi 30 faiz təşkil edir. Burada əlaqələrin yaradılmasına ehtiyac var”.