Banqladeşdə dang qızdırmasından ölənlərin sayı 989-a yüksəldi

10:45 02.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyinin (DGHS) verdiyi açıqlamaya görə, ilin əvvəlindən bu yana ölkədə dang qızdırması səbəbindən 989 nəfər ölüb, yoluxma sayı isə 203406-ya çatıb.

Hafta.az-ın yazdığına görə, DGHS sentyabrda xəstəlikdən ümumilikdə 396 nəfərin öldüyünü açıqlayıb. Beləliklə, sentyabr 2000-ci ildən bəri ən çox ölüm hallarının qeydə alındığı ay olub.

Tropik və subtropik bölgələrdə baş verən dang qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə müşahidə olunan xəstəlik bəzi hallarda ölümlə nəticələnir.

Ümumiyyətlə yağışlı dövrlər kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında hadisələrin sayı artır.

Alimlər bildirirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və dang qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur. Bu xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr qoyduğundan, mümkün çoxalma sahələrinin daim dezinfeksiya edilməsi lazımdır.

Banqladeşdə dang qızdırması səbəbindən bir ildə ən çox ölüm halı daha əvvəl 2022-ci ildə 281 olaraq qeydə alınmışdı.