Bayden ailəsi ötən il 620 min dollar qazanıb

10:05 17.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden 2023-cü maliyyə ilində illik ümumi gəliri 619976 dollar olub və 146629 dollar federal gəlir vergisi ödəyib.

Hafta.az-ın yazdığına görə, Bayden ailəsinin vergi bəyannaməsi aprelin 15-də dərc edilib, bu, “Vergi günü” adlanır və ABŞ-da fərdi gəlir vergilərinin verilməsi üçün son gündür.

Ağ Evdən verilən açıqlamada Bayden və həyat yoldaşının birlikdə gəlir vergisi verdiyi və ümumi gəlirlərinin 619976 dollar olduğu bildirilib. Açıqlamada, Bayden ailəsinin 2023-cü maliyyə ilində 146629 dollar federal gəlir vergisi ödədiyi də qeyd edilib. Açıqlamada həmçinin Bayden və həyat yoldaşının Delaver əyalətinə 30908 dollar, Virciniya əyalətinə isə 3549 dollar gəlir vergisi ödədiyi, bundan əlavə, Bayden ailəsinin 17 müxtəlif xeyriyyə təşkilatına 20477 dollar bağışladığı bildirilib.

Açıqlamada, "Prezident Bayden Amerika xalqına qarşı şəffaf olmaq əzmini bir daha nümayiş etdirdi və vəzifədə olarkən ən çox vergi bəyannaməsini dərc edən prezident oldu" deyilib.

Baydenin sələfi, keçmiş ABŞ prezidenti Donald Tramp 4 illik səlahiyyət müddətində vergi bəyannamələrini açıqlamaqdan imtina edib.

ABŞ-da fərdi gəlir vergisi bəyannamələrinin federal hökumətə təqdim edildiyi son gün Vergi Günü adlanır. Adətən aprelin 15-i olaraq təyin olunan bu gün həftə sonu və ya bayram gününə düşərsə, növbəti iş gününə qədər uzanır.

ABŞ-da bu il yanvarın 29-da başlayan vergi bəyannaməsi prosesi aprelin 15-də yerli vaxtla gecə yarısı başa çatır.

ABŞ Daxili Gəlir Xidmətinin (IRS) verdiyi açıqlamada, 6 aprel tarixinə 100 milyondan çox fərdi vergi bəyannaməsinin işləndiyi bildirilib. Açıqlamaya görə, vergi bəyannamələri üçün ilin ən sıx vaxtı olan aprel ayının sonuna qədər daha on milyonlarla insanın vergilərini bəyan etməsi gözlənilir.

Açıqlamada, həmçinin təqribən 19 milyon vergi ödəyicisinin oktyabrın 15-nə qədər uzadılması üçün müraciət edəcəyinin təxmin olunduğu bildirilib və vergi bəyannaməsi təqdimetmə prosesinin başladığı yanvar ayından bəri IRS-nin 200 milyard dollardan çox vergi geri qaytardığı qeyd edilib.

Oxunma sayı 35