Beynəlxalq forum öz işini davam etdirib

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bakıda “XXI əsr: ümidlər və çağırışlar“ devizi ilə Beynəlxalq Humanitar Forum işini davam etdirir. Forum çərçivəsində bir sıra mövzularla yanaşı “Elmlərin konvergensiyası“ mövzusunda da diskussiyalar aparılır. Müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərinin müzakirə edildiyi forumun əhəmiyyətindən danışan AMEA-nın prezidenti Mahmud Kərimov bu istiqamətdə elmlərin konvergensiyasının mühüm əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, bir çox alimin fikrincə bəşəriyyətin hazırkı inkişafı son nəticədə elə bəşəriyyətin özünün ciddi böhranla üzləşməsi ilə nəticələnəcək. Bu səbəbdən dünyadakı mövcud resurslardan keyfiyyətli istifadə yolları tapılmalıdır. Bu isə elmlərin bir-biri ilə inteqrasiyası nəticəsində mümkün ola bilər. Rusiyanın “Kurçatov İnstitutu“ elmi-mərkəzinin direktoru Mixail Kovalçuk da öz çıxışında bəşəriyyətin sistemli şəkildə böhrana doğru meyil etdiyini deyib. Rusiyalı alim də elmlərin vəhdəti və qarşılıqlı fəaliyyəti nəticəsində yeni, müasir elmi nailiyyətlərin əldə olunmasına və tətbiqinə nail olmağın vacibliyini önə çəkib. Digər çıxış edənlər inkişaf, qloballaşma, ehtiyatlardan qənaətlə istifadə, demoqrafik böhran məsələlərində elmlərin konvergensiyasının əhəmiyyətindən danışıblar. Müzakirələrin sonunda Bakı Bəyannaməsi qəbul olunacaq.
Forumda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, ötən il Bakıda keçirilən Rusiya-Azərbaycan humanitar forumunda belə tədbirin daha geniş şəkildə Bakıda keçirilməsinə qərar verilib. Forumda dünyanın 30-dan çox ölkəsindən 250-dən artıq qonaq iştirak edir. Forumun Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən Məhərrəmov bildirib ki, insanlar 21-ci əsrin sonuna düşünərək getməlidirlər. Məhz bu baxımdan alimlərin iştirakı ilə belə tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi isə qeyd edib ki, forumda Rusiyadan böyük nümayəndə heyəti iştirak edir. Bütün bunlar da Rusiyanın foruma böyük əhəmiyyət verdiyini göstərir. “İnsanlar üçün böyük təhlükələrin olduğu bir dövrdə belə forumun keçirilməsi olduqca əhəmiyyətlidir. Alimlər çalışmalıdırlar ki, müəyyən texnikalarla bu təhlükələri arada qaldıra bilsinlər“, - rektor deyib. O əlavə edib ki, bu gün insanlar üçün ən böyük təhlükə texnogen fəlakətlərdir. Sadovniçinin bildirdiyinə görə, yalnız 2010-cu ildə dünyada 204 fəlakət baş verib. Bu fəlakətlər nəticəsində ölkələrə 218 milyard dollar iqtisadi ziyan dəyib. Dünyada fəlakətlərin sayının artdığını deyən rektor bunun əsas səbəbini qloballaşma, təbiət və texnologiyada olan dəyişikliklərlə izah edib. Tədbir alimlərin mühazirələri ilə davam edib.
Azad