Bələdiyyə seçkilərinə maraq niyə azdır? - Şərhlər

14:55 11.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi tarixə çox az bir vaxt qalsa da, heç bir fəallıq görüтmür. Bundan əlavə, növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar, bələdiyyə seçkilərinə olan marağı sanki azaldıb. Bəs politoloqlar necə düşünür, parlament seçkiləri bələdiyyə seçkilərini niyə arxa plana saldı?

Politoloq Elxan Şahinoğlu hesab edir  ki, bələdiyyələrin statusu yüksəlməlidir:

“Türkiyədə bələdiyyələr böyük statusa malikdir. Təəssüf ki, bizdə elə deyil. Və ona görə də maraq çox az olur. Bələdiyyələrin işi ancaq torpaq satmaqdan ibarətdir. Bu halda da seçici fəallığı aşağı düşür".

Politoloq Fikrət Sadıqovun fikrincə isə, bələdiyyə seçkilərin də, parlament seçkilərinin də öz yeri var:

“Mənə elə gəlir ki, bələdiyyə seçkilərinə namizədlər özləri fəallıq göstərməlidirlər. Belə fəallıq nümayiş olunsa, seçicilər də onlara inam göstərər. Bunun da əsas meyarı ilk növbədə qeyd etdiyim kimi, namizədin fəallığı, hazırlıq planından asılıdır. Təşəbbüs göstərməlidirlər. Kütləvi informasiya vasitələrində çıxış etməlidirlər. Çünki Milli Məclisə seçkilərlə bağlı hələ təbliğat-təşviqat mərhələsi başlamayıb. Ona görə də bu seçkiləri müqayisə etmək olmaz. Milli Məclisin daha böyük funksiyaları var”.

Digər politoloq Qabil Hüseynli da həmkarının fikri ilə razıdır. Onun sözlərinə görə, birinci növbədə namizədliyini irəli sürən şəxslərdən çox şey asılıdır:

"Yəni, seçkiyə yaxın bir müddətdə təbliğat və təşviqat işlərini sürətləndirməlidirlər. Hələ də seçki lövhələrində namizədlərin heç fotoları da vurulmayıb. Bundan başqa onlar məhəllələrə, kəndlərə gedib camaatla ünsiyyət qurmalı, özlərini tanıtmalıdırlar. Mən öz yaşadığım məhəllədə bunu görmürəm. Mənim fikrimcə, bu prosesin arxa plana keçməsi yerli seçki orqanlarından və namizədliyini irəli sürən şəxslərdən asılıdır".

Qeyd edək ki, Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri dekabrın 23-də, növbədənkənar parlament seçkiləri isə 2020-ci ilin fevralın 9-də baş tutacaq. 

Oxunma sayı 39
Siyasət rubrikasından digər xəbərlər