Bərdədə 4 yaşlı uşaq anası iynə vurduqdan sonra öldü – Günün təzadları

18:15 17.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bərdədə azyaşlı qızdırmadan öldü. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, rayonun Hüseynzadə küçəsi, ev 68-də yaşayan 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlunun evdə qızdırması qalxıb. Uşağın anası ona əzələ iynəsi vurub.  İynədən sonra vəziyyəti pisləşən uşaq xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb

 

Uşağın cinsini dəyişdirməsinə mane olan valideynlərin cəzalandırılacağı bilindi

Uşaqların homoseksual və ya transgender davranışlarına qarşı hər hansı bir müdaxiləyə görə həbs müddətləri barədə Qanun layihəsi Kanadanın İcmalar Palatasına  təqdim edildi. 

Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə belə deyilir.

"C-8" qanun layihəsi insanın cinsi oriyentasiyasını( homoseksuallıq, lezbiyanlıq, transseksuallıq və s.) heteroseksuallığa(eyni cinsə yox, əks cinsə qarşı ehtiraslı olmaq) dəyişdirməyə yönəlmiş bir təcrübə, müalicə və ya xidmət olaraq təyin olunan reparativ müalicəni qadağan edir. Bu əxlaqsız Qanunla uşağının cinsiyyətini dəyişdirməsinə dəstək verməkdən imtina edən  valideyni 5 ilə qədər həbs cəzası verir. Həkimlər və məsləhətçilər də bir uşağın cinsiyyət disforiyasını (şəxsin doğuşda aid edildiyi cins ilə diskomfort yaşaması-S.L.) təsdiqləməkdən imtina etdiyinə görə beş il həbs cəzası ilə üzləşirlər. 

Qeyd olunur ki, üzdəniraq Qanuna görə valideynin və ya həkimin yalnız oğlanın oğlan, qız uşağının qız olmasını deməyə görə də həbsxanaya düşməsi mümkün olacaq. Və əslində valideynlərə uşağın cinsiyyəti barədə birbaşa danışmaq qadağan olunacaq. 

Bütün bunlarla birlikdə qanun layihəsi nə xristianlar, nə müsəlmanlar, nə də yəhudilər üçün heş bir istisna nəzərdə tutmur. Halbuki, səmavi dinlərə mənsub  inanclılar  Allahın cinsiyyətini təyin etdiyi bir insanın plastik əməliyyat və ya dərman vasitəsi ilə bunu dəyişdirə bilməsini qadağan etdiyinə inanır. Beləliklə, Kanadada qəbul edilməsi gözlənilən Qanun layihəsi dini etiqad azadlığı prinsiplərinə də tamamilə ziddir.

Xatırladaq ki, Kanadanın  hazırkı baş naziri Castin Trüdonun  və hökumət üzvlərinin bir çoxu da cinsi azlıq nümayəndələri olmaqla bu anormallığı yüksək səviyyədə dəstəkləyirlər.

 

Pentaqon rəhbərinin təcrid olunacağı bilindi

ABŞ-ın Müdafiə naziri və onun birinci müavininin tezliklə tabeliklərindəki şəxslərlə yalnız video ilə əlaqə quracaqları bəlli oldu. Hafta.az-ın yazdığına  görə, “Report» xəbər verir ki, bu barədə məlumat verən ABŞ Müdafiə Nazirliyinin böyük mətbuat katibi Conatan Qofman bu addımın Pentaqon rəhbərliyinin yeni növ koronavirusa yoluxma riski ilə üz-üzə qalmaması üçün atıldığını söyləyib. “Müdafiə naziri və onun müavini fiziki olaraq təcrid olunacaqlar. Biz onların ətrafında təhlükəsizlik məkanı yaratmağa çalışırıq”, - C.Qofman bildirib. Onun sözlərinə görə, bu, xidməti məsələlərdə qurumun rəhbərləri ilə əlaqənin videorabitə vasitəsilə baş tutacağı deməkdir.

Bununla yanaşı, mətbuat katibi ABŞ Silahlı Qüvvələrində virusa yoluxma ilə bağlı 37 hadisənin təsdiqləndiyini bildirib.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 4 727 nəfəri keçib, 93 nəfər ölüb.

 

Nikah və dəfn mərasimlərinə 20 nəfərlik məhdudiyyət qoyuldu

İsrailin Dini İşlər Üzrə Nazirliyi  koronavirusun yayılmasıyla bağlı ölkədə nikah və dəfn mərasimlərində iştirakçıların sayına qoyulan məhdudiyyətlərlə bağlı sərəncam verdi.

Hafta.az xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, mərasimlərdə biri-birindən 2 metrlik məsafədə dayanmaları şərti ilə yalnız 20 nəfər adamın iştirakına icazə verilir. 

İbadətlər iki 10 nəfərlik  qruplarla keçirilməlidir. Qruplar arasındakı məsafə minimum 2 metr olmalıdır.

Qeyd edilir ki, bundan əvvəl ölkənin Səhiyyə Nazirliyi tədbirlərdə 10 nəfərdən artıq adamın iştirakına qadağa qoyan sərəncam verib. Dini İşlər qurumu nikah və toy mərasimləri üçün həmin məhdudiyyəti iki dəfə azaldıb.

 

Küçəyə çıxanların cərimələnməsi haqda qərar verildi

Martın 17-dən yerli vaxtla saat 12:00-dan Fransada karantin rejimi başladı, insanların hərəkəti ciddi şəkildə məhdudlaşdırıldı.

Hafta.az Musavat.com-a istinadla  xəbər verir ki, 67 milyon əhali istisna hallarda evdən bayıra çıxa bilərlər.

Ümumiyyətlə, qaydalara riayət etməyənlər və evdən əsaslandırılmamış şəkildə çıxanlar 38 avrodan 135 avroya qədər cərimə olunacaqlar.

Ailə üzvlərinə, xüsusilə yaşlı valideynlərə baş çəkmək, ailəvi nahar yeməyi, dost-tanış məclisləri, hətta birgə gəzintilər də qadağan olunub. Yalnız müalicə almaq, köməksiz insanlara yardım, bazarlıq etmək, fərdi qaydada idmanla məşğul olmaq və işə getmək məqsədilə evi tərk etmək mümkündür. Məcburiyyət qarşısında evdən çıxanlar cərimələnməmələri üçün arayış formasını doldurub özləri ilə götürməlidirlər. Karantin qərarı hələlik iki həftə ərzində qüvvədədir.

Xatırladaq ki, martın 14-dən etibarən ölkədə restoranlar, kafelər, kinoteatrlar, idman zalları, yemək məmulatlarından başqa digər kommersiya məntəqələri, kitabxanalar və digər ictimai yerlər, martın 16-dan etibarən isə bağça, məktəb və ali təhsil ocaqları bağlanıb. Ölkə paytaxtında parkların qapıları da karantin müddətində bağlı qalacaq.