Bərdənin Bəcirəvan kəndində işıqlar niyə tez-tez sönür? - REPORTAJ

19:04 25.10.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunun Bəcirəvan kəndinin bir qrup sakini “Həftə içi”nə müraciət edərək bildirib ki, kənd sakinlərinin bu günədək işıq problemini həll edən yoxdur. Kəndin işıqları tez-tez sönür. Vəziyyət, sanki 1992-1995-ci illəri xatırladır....

Sakinlərin müraciəti ilə əlaqədar olaraq Bəcirəvan kəndinə üz tutduq. Kənddə həqiqətən də işıqlar sönmüşdü. Köhnə, keçən əsrdən basdırılmış ağac elektrik dirəkləri istismar müddətini çoxdan başa vurduğundan,  əksər yerlərdə artıq çürüyüb. Sakinlər əvvəlcə bizi kəndin mərkəzində yerləşən könhə transformator olan əraziyə apardılar. Qapıları açıq, köhnə və  sınıq transformatorun mövcud durumu təhlükə mənbəyidir. 300-ə yaxın həyət evini işıqla təmin edən transformator bərbad durumda idi. Sakinlərin sözlərinə görə, ərazi təmizlənmədiyi üçün alaq otları transformatoru görünməz edirdi: “Onu alaq otundan təmizlədik. Transformatorun qapıları sınıq olduğundan açıqdır, içindəki alüminium məftilləri çölə çıxıb, çox təhlükəlidir və çıxan naqillər isə köhnə elektrik dirəyin üstü ilə yaxınlıqdakı palıd ağacının yaşıl budaqlarının içi ilə keçir. Bir balaca yağış olan kimi, islanmış naqillər ağacın budaqlarına toxunduğundan,  elektrik cərəyanı kəsilir. Əgər uşaqlardan biri oynadıqları zamanı bilmədən əlini transformatorun qapısına və yaxud içindəki açıq alüminium məftilinə toxundurarsa, onu dərhal elektik cərəyanı vurub öldürə bilər. Transformatorda ayırıcı olmadığından, qəza hadisəsi baş verən zaman qapanır və işıqlarımız dərhal sönür. Bu boyda kənddə elekrtik yoxdur.

Yarımstansiya isə kənddən 10 kilometr aralıda yerləşir. Bir qəza baş verəndə, yarımstansiyanın (YS) işçilərinə müraciət etmək məcburiyyətində qalırıq. YS-dən elekrtik gələnədək bir gün işıqsız qalırıq. Kənddə  köhnə su artezianın ümidinə qalmışıq . İşıqlar tez-tez söndüyündən,  nasosu yandırır və aylarla susuz qalırıq. Sakinlər məcbur olub öz vəsaiti ilə artezianın nasosunu düzəltdirir. Bir gündə, ən azı, 3-4 dəfə işıqlarımız sönür. Çox vaxt axşamdan-sabahadək qaranlıqda qalırıq”.

 Çingiz adlı sakin deyir ki, elektrik naqilləri keçən dirəklər əyilib, hər zaman yıxıla bilər. Onun sözlərinə görə, açıq havada dirəklərin üstü ilə gedən alüminium məftillərdən ibarət olan naqillər aşağı düşərək sallanır. Naqillər evin yanından və həyətdəki ot tayasının üstü ilə keçir. Bir balaca külək olan zaman, naqillər bir-birinə ilişib qısaqapanma yaradıb. Naqillərdən çıxan qığılcımlar yerə tökülür. Əgər onun biri  ot tayasına və evə düşərsə, hər tərəf od tutub yanar. Gecələr işıqlar sönəndə kəndimiz qaranlığa bürünür. Göz-gözü görmür. Həyətə çıxa bilmirik, tövləyə gedib heyvanlarımıza yem verə bilmirik. Gecələr işıqlar söndüyündən, kənddə bəzən oğurluq halları da baş verir”.

Sənan adlı sakin də şikayətlənir: “Hər dəfə külək əsdikcə xətlər birləşir. Bu zaman gərginlik yuxarı qalxdığından, məişət avadanlıqlarını vurub sıradan çıxarır. Bir ilin içində televizorum və kombim yandı. Bazardan bir-iki dana alıb, onu saxlamaqla məşğul olub ailəmizi dolandırırıq. İşıqlar saatlarla keçdiyindən ət və süd məhsulları soyuducunun içində qalıb xarab olur. Bəcirəvan və Ləmbəran kəndlərinə işıq bir elektrik xətti ilə paylanılır. Bu səbəbdən,  Ləmbəranda qəza hadisəsi olan zaman bizim də işıqlarımız sönür və yaxud da əksinə, Bəciravanda qəza zamanı ləmbəranlıların işığı söndürülür”.

Sakinlər  bildirdilər ki, şikayətlərinə baxan yoxdur. Ölkənin hər yerində rayon işıq idarələrindən mənzillərdəki elektrik sayğaclarına nəzarət edən nəzarətçi –mühəndislər ayda bir dəfə gəlib sayğaclara baxıb. Abonentin neçə kilovat işlətdiyi enerjinin pulunu hesablayıb, qəbz verib gedirlər. Abonentlər də həmin qəbzləri götürüb,  poçta gedir, yaxud aparatlarda istifadə etdikləri işığın pullarını ödəyirlər.  Bəcirəvan kəndində biz bunun əksini gördük. Bərdə Rayon İşıq İdarəsinin nəzarətçiləri hələ də köhnə qayda ilə işləyirlər. Sakinlərdən özləri işıqpullarını yığırlar. Biz bunun canlı şahidi olduq.  

İşıqpullarını yığan nəzarətçi-mühəndis Mübariz müəllimə yaxınlaşıb, mətbuatdan gəldiyimizi və kənddə işıqların tez-tez söndüyünün səbəbini soruşduq. Mübariz müəllim cabab verdi ki, onminlik kilovat gücündə olan yarımstansiya 1969-cu ildən tikilərək istifadəyə verilib.  Transformatorlar köhnədir. Yenisi ilə əvəz olunmalıdır. Xətlər kabelləşdirilməlidir. Buna da vəsait lazımdır.    

 Sakinlərin şikayəti ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Tanırverdi Mustafayevə müraciət edtdik. Sözügedən qurumun sözçüsü “Həftə içi”nə bildirdi ki, Bəcirəvan kənd sakinləri  “Azərişıq” ASC-nin sədrinin adına müraciət məktubu yazıb göndərsinlər. Məktub əsasında onların problemləri öz həllini tapacaq.

Ümid edirik, kənd sakinlərinin işıq problemi “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən tezliklə öz həllini tapacaq.