Bəzi işbazlar zərərli dərman vasitələrinin reklam edir – AİB SƏDRİ

19:29 07.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bəzi işbazlar əhalinin güvənindən istifadə edərək, zərərli dərman vasitələrinin reklamını həyata keçirirlər.

Bu fikirləri hafta.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, təəssüf ki, bəzi işbazlar insanların güvənindən istifadə edərək, zərərli və keyfiyyətsiz dərman vasitələrinin reklamını həyata keçirir və bundan külli miqdarda gəlir əldə edirlər. Ümumiyyətlə, sosial şəbəkə və televiziyalar üzərindən reklam olunan dərman vasitələrinin 70 faizi saxtadır və insan orqanizminə çox zərərlidir.

E.Hüseynov vurğulayıb ki, belə dərman vasitələrinin reklamını həyata keçirən qurum da məsuliyyət daşıyır: "Vətəndaş TV-də və ya hansısa məşhur tərəfindən reklam olunan dərmanı alıb, ziyanını görürsə, məhkəməyə müraciət edə bilər. Daha sonra məsələ araşdırılmalı, reklam edən şəxs məsuliyyətə cəlb olunmalıdır. Azad İstehlakçılar Birliyi dərman vasitələrinin reklamının mümkün qədər azaldılması istiqamətində işlər aparır. Amma bəzi televiziyalar, eləcə də sosial şəbəkələrdə sırf gəlir əldə etmək üçün dərmanları reklam etməyə davam edirlər. Yəni, dərmanlar yerli və xarici kanallarda, eləcə də sosial şəbəkələrdə,kütləvi informasiya vasitələrində çox aqressiv şəkildə reklam olunur. Bütün bunlar dərman istehlakçılarının, yəni alıcılarının həyatında öz mənfi izlərini qoyur. Dərman yeganə maldır ki, onu insanlar özxoşuna almır, göstərişlə alırlar. Lakin aqressiv reklam həkimlərin də, istehlakçıların da “başın yeyir” və ağır xəstəliyə tutulmuş insan hansı dərmanı desən, sonuncu qəpiyini ona verib alacaq. Vətəndaş bilməlidir ki, dərmanla bağlı reklamların hamısı demək olar ki, aldadıcıdır və ona görə də mən ona aldadıcı reklam deyirəm. Düşünürəm ki, bunlara qadağa qoyulmalıdır. Qida əlavələrini həkimlərin reseptə yazması qadağan olundu, bu çox yaxşı haldır və Qida Təhlükəsizliyinin nəzarəti altına keçirildi. Artıq Qida Təhlükəsizliyi Agentliyi bu sektora ciddi nəzarət edir və düşünürəm ki, dərman sahəsindəki problem də həll olunmalıdır”.

Oxunma sayı 288