“Xaricdə təhsil alan tələbələrə ödənilən vəsaitlə bağlı problem yoxdur“

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyindən deyirlər ki, cari ildə Neft Fondundan bununla bağlı 15 milyon manat vəsait ayrılıb

Hazırda dünyanın nüfuzlu ali məktəblərində 10 minə yaxın azərbaycanlı gənc təhsil alır. Statistikaya görə, onlardan çoxu bakalavr səviyyəsi üzrə biliklərini artırırlar. Xaricdə təhsil alanların əksəriyyətinin şəxsi vəsaiti hesabına oxumasına baxmayaraq, hər il Azərbaycan hökuməti ölkədə kənarda gənclərin təhsil almasına milyonlarla manat vəsait xərcləyir.

Amma bu məsələ ətrafında həmişə müəyyən söz-söhbətlər dolaşıb. Bəzi iddialara görə, Təhsil Nazirliyində bir qrup məmur fürsətdən istifadə edərək qeyri-qanuni yolla hətta 17 yaşı tamam olmayan yeniyetmələri də “Azərbaycan gənclərinin xaricdə təhsili üzrə“ Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün xaricə göndəriblər. İddialara əsasən, məhz təhsil nazirinin sabiq müavinlərindən biri Elmar Qasımovun vəzifədən uzaqlaşdırılmasına səbəb elə bu məsələ olub.
Son günlər mətbuatda yer alan daha bir məlumata istinadən, Azərbaycandan xaricdə dövlət hesabına təhsil alan tələbələr üçün büdcədən ayrılmış vəsait bu günə qədər onlara çatdırılmayıb. Valideynlərin iddiasına görə, bu vəsaitin təhsil ilinin başlanğıcında tələbələrə ödənməli olmasına baxmayaraq, proses yubanır. Təhsil Nazirliyindən isə valideynlərə deyiblər ki, bütün xarici ölkələrdə təhsil alan tələbələrin pullarının ödənilməsində problem yaranıb və problem tezliklə həll olunacaq.
Məsələyə münasibət öyrənmək məqsədilə Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun beynəlxalq şöbəsinin əməkdaşları bizimlə söhbət zamanı problemin mövcudluğunu inkar etdilər: “Bizə bununla bağlı hansısa müraciət daxil olmayıb. Çünki biz xaricdə təhsil alan həm tələbələrlə, həm də onların valideynləri ilə mütəmadi əlaqə saxlayırıq. Təbii ki, əgər belə bir məsələ ilə bağlı müraciət daxil olarsa, dərhal araşdırılaraq tədbir görüləcək“.
Nazirlikdən onu da vurğuladılar ki, Azərbaycan Dövlət Neft Fondu bu il “Azərbaycan gənclərinin xaricdə təhsili üzrə“ Dövlət Proqramı çərçivəsində gənclərin xaricdə təhsil alması üçün 15 milyon manat vəsait ayırıb: “Həmin vəsait Azərbaycan gənclərinin yaşayış, təhsil, sığorta və illik gediş-gəliş xərclərinə sərf olunur. Hətta elə olur ki, bəzi tələbələrin xaricdə təhsil almasına il ərzində 50-60 min avro xərclənir. Yəni, vəsaitlərin ayrılmasında və ünvanına çatdırılmasında hansısa problem yoxdur“.
Şöbə əməkdaşları öz açıqlamalarında Azərbaycanda dəqiq elmlər, nanotexnologiya və fizika sahəsi üzrə mütəxəssislərə daha çox ehtiyac duyulduğunu vurğuladılar: “Artıq iki ildir ki, “Azərbaycan gənclərinin xaricdə təhsili üzrə“ Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyən gənclər üçün prioritet istiqamətlər elan edilib. Həmin istiqamətlər fundamental elmlər, neft-qaz, kənd təsərrüfatı, turizm və digər sahələr üzrədir. Xarici ölkələrdə təhsil almaq istəyən gənclər isə daha çox biznes və iqtisadiyyat sahələrinə maraq göstərirlər.
Çox təəssüf ki, bizim gənclər kənd təsərrüfatı və ekologiya sahələrinə maraq göstərmirlər. Çünki hazırda ölkəmizdə aqrar sektorun inkişafı üçün kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislərin hazırlanması olduqca vacibdir. Bu, həm də Azərbaycanın ərzaq idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsinə yardım edə bilər“.
Nazirlikdə həmçinin bildirirlər ki, həqiqi hərbi xidmətə çağırılanlar istisna olmaqla, “Azərbaycan gənclərinin xaricdə təhsili üzrə“ Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alaraq məzun olmuş gənclərin hamısı işlə təmin edilib: “Xaricdə təhsil almış gənclərin Azərbaycanda iş tapmaq problemi olmur. Həmin gənclərin dövlət qulluğuna işə qəbul zamanı müsabiqədə iştirak etmədən birbaşa müsahibəyə qatılırlar. Amma etiraf etmək lazımdır ki, gənclərin əksəriyyəti dövlət qurumlarında işləməyə meyil göstərmirlər. Biz onlarla söhbət zamanı bildiriblər ki, özəl sektora meyillənməyin əsas səbəbi maaşla bağlıdır. Yəni, dövlət müəssisələrində məvacib az olduğundan bu maaşla işləmək onları qane etmir“.
Yeri gəlmişkən, 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində 5 min gəncin xaricdə təhsili nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində ötən il 259 nəfər Azərbaycan gənci təhsil almaq üçün müxtəlif ölkələrə göndərilib. Bu proqramın 50-dən çox məzunu var.
Sevinc