Boşanmalar pik həddə... - Problem

14:31 20.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda boşanmaların sayınınn artması, ailə institutlarının dağılması genefond üçün təhlükə mənbəyidir. Lakin buna baxmayaraq günü-gündən artan bu tendensiyanın qarşısını almaq demək olar ki, mümkün deyil.

Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələrində 46898 nikah və 12713 boşanma halları qeydə alınıb. Hafta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Ailə institutlarının dağılması hallarında psixoloji aspektlər rol oynayırmı, bu gün psixoloji vəziyyət bu tendensiyaya səbəbdirmi?

Mövzunu hafta.az-a şərh edən psixoloq Vəfa Əkbər dedi ki, bu statistika ilə tanış oldum, təəssüf ki, bu çox böyük rəqəmdir:

“Birincisi boşanan insanların neçə il müddətində birlikdə olmalarına baxılmalıdır. Çox vaxt hesab edirlər ki, bu boşanmalar ancaq yeni ailə quranlar arasında baş verir. Araşdırmalar isə bunu demir. Boşanan ailələr arasında 20-25 il birlikdə ailə həyatı yaşamış insanların da boşanması faktları ortaya çıxır. Əslində bununn səbəbi kimi, ailə fundamentinin düzgün qurulmamasındadır ki, gec-tez belə hala gəlib çıxır. Öhdəliklərin düzgün öyrənilməməsi, ailə yükünün bir insana yüklənməsi və ya üçüncü, dördüncü şəxslərin fikirləri və s. yığılıb partlayışla nəticələnir. Ən əsası isə ailə başçılarının psixologiyası, tərəflərə müdaxilə, “döz, otur” kimi basqılar psixoloji problemə çevrilir. İki tərəfi seçim qarşısında qoymaq münaqişə ilə nəticələnir. Nəticədə tərəflər boşanmaya üstünlük verir.

Psixoloq boşanmaların artmasının qarşısını almaq üçün öz təkliflərini də qeyd etdi. O, bildirdi ki, əslində sağlam ailə bünövrəsi qurulması üçün, razılıq əldə edib “Asan xidmət”ə gedəndə, ilkin tibbi yoxlanışdan keçən zaman, psixoloji cəhətdən nə qədər uyğun olmalarının da test edilməsini təklif edərdim: “İkinci halda cütlüyün öz zövqünə görə ailə həyatı qurulması məsləhətdir. Ailə istiqamətləndirəndə bu kimi halların baş verməsi qaçılmaz olur”.

Psixoloq İlahə Dəmirbəy isə hesab edir ki, cəmiyyətimizdə bəzən nə qədər də inkar etsək qadin kişi bərabərliyi hələ də tam bərqarar olmayib:

“Hər bir sahədə problemdə olduğu kimi, ailə probləmlərində də bu öz əksini tapır. Kişilərin tərk etdiyi qadınlar, kişilərin tərk etdiyi ailələr olduqca çoxdur, lakin bu durumda da yenə qadınlar qınaq obyektinə çevrilir. "Yaxşi qadın" olsaydı və yaxud bir çox əsassız şubhəli suallar insanların düşüncəsini məhv edir. Lakin bir qadin evi tərk edirsə bu qloballaşır, problem böyüyür, nəsillər arasına, hətta son dövrlərdə artıq sosial şəbəkələrə qədər gəlib çıxır. Bu bizim situasiyanın fiqurasıdır: "Qadın evi tərk etdi". Bəs bu vəziyyətin fonu nədir? Pərdə arxasında nələr var? Əksər xanımlar çox vaxt ailələrinin dağılmağını istəmirlər. Ən son nöqtəyə kimi mübarizə aparırlar. Çox vaxt bu mübarizədə əzab-əziyyətə dözmək olur. Lakin müəyyən bir nöqtəyə gəlinir, müəyyən bir həddə çatılır ki, artıq hadisələri nəzarətdə saxlamaq mümkünsüz olduğu kimi, onlara çözüm tapmaq da olmur. Son çarə övladını bağrına basıb vəziyyətdən uzaqlaşmaq olur. Bəziləri isə hətta bunu planlı şəkildə yox, ani verilmiş bir qərarla edir. Təbii ki öncə qeyd etdiyim kimi bu qərara təşfiq edilən səbəblər üst-üstə yığılır. Bir sözlə ailədə istənilən fərd tərəfindən tərk edilmə varsa, deməli, bu ailədə artıq ailə bağları, hörmət, sevgi, normal münasibətlərdən söz gedə bilməz.

Sosioloqlar isə boşanma hallarının artmasın qarşısını almaq üçün artıq addımların atılmasının lazım olduğunu bildirirlər. Sosioloq Əhməd Qəşəmoğlu bu məsələdə artıq nəyisə gözləməyə vaxtın qalmadığını dedi:

"İnsan əgər boşanmağa qərar veribsə, o sənəd boşanmaya əks çıxırsa o zaman evdə daha böyük mübahisələr, gərginlik baş verə bilər. Bundansa boşanma qat-qat yaxşıdır. Hərə bir tərəfdən fikirlər səsləndirir. Azərbaycan ailəsi ağır vəziyyətədədir. Azərbaycan ailəsi hələ bucür ağır vəziyyətdə olmayıb. Daha ciddi işlər görülməlidir. Buna dair ailə planlaşdırılması aparılmalıdır. Ailəni xilas üçün həyəcan təbili çalınmalıdır. Mən bu sözləri elə belə demirəm. Təəssüf ki, aidiyyatı qurumlar bununla bağlı lazımı addımlar atmırlar. Azərbaycan ailəsinin gərgin vəziyyətdə olması bütün cəmiyyət üçün qorxuludur. Azərbaycan mədəniyyəti, mənəviyyatı ailə institutu üzərində qurulub. Bu ailə institutunda sürətlə belə gərginlik yaranıbsa bizim yeni nəsil kifayət qədər böyük zərbə alır. Kompleks tədbirlər görülməldir”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə ailə boşanmalarının səbəbi əsasən zorakılıq hallarının olmasıdır:

“Qadınlar kifayət qədər baş verən zorakılığa əvvəlki qaydada dözmək istəmirlər. Ailədə məsuliyyətsizlik, ailənin nümayəndələrinin onlara sayqı göstərməməsi və s. bu cür hallara gətirib çıxarır. Ailədə atanın uşağın təhsilində maraqlı olmamasının da təsirləri var. Bəzən isə xəyanət də bu vəziyyətə gətirib çıxara bilir. Amma psixoloji zorakılıq və məişət zorakılığın ər tərəfindən törədilməsi qadında inamsızlığı, ailəyə bağlılığı itirir. Elə də olur ki, kişi işləmir evdə oturur və yaxud heç biri işləmir ağır sosial vəziyyət yaranır. Çətinliklərə qadın dözə bilmədikdə, uşaqlarının problemini həll etmək üçün Bakıya qaçır. İstəyir ki, özü uşaqlarını istədiyi kimi saxlasın. Bəli, bu gün qadınlarımızın əksəriyyətində psixoloji problemlər də var. Qadınlarda ümümi gərginlik, stress halları müşahidə olunur. Bu da zorakılıq hallarından sonra əsasən ortaya çıxır. Məsələn, bu kimi ailələrdə doğulub-böyüyən uşaqlarda da psixoloji travma olur".