BSU-da ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

14:50 12.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 12-də Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyinin və Yeni Azərbaycan Partiyasının BSU ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Hafta.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin BSU-dakı büstünün önünə əklil və gül dəstələri qoyublar, sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirin əvvəlində iştirakçılar Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, bu gün xalqımızın həyatında çox ağır və hüznlü gündür. Bu gün Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfat etdiyi gündür. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafı, xalqımızın mənəvi-mədəni təkamülü, milli-mənəvi dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsi üçün fədakarlıqla fəaliyyət göstərib. Birinci dəfə 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin əzmkarlığı, vətənpərvərliyi, təşəbbüskarlığı sayəsində ölkəmiz sürətli inkişaf yoluna çıxmış, iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrində əsaslı dönüşə nail olunmuşdur. Heydər Əliyev Azərbaycanda milli oyanışın, iqtisadi və sosial tərəqqinin banisidir. 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini seçilən Heydər Əliyev böyük məsuliyyət tələb edən sahələrə uğurla rəhbərlik etmişdir. 1990-cı ilin 20 Yanvar faciəsindən dərhal sonra ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu cinayətə kəskin etiraz etmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizi, milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş, böyük uzaqgörənliklə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmışdır. Heydər Əliyevin zəngin həyat və idarəçilik təcrübəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində Azərbaycanda möhkəm daxili ictimai-siyasi sabitlik, qanunçuluq bərpa olunmuş, yeni neft strategiyası işlənib hazırlanmış və uğurla həyata keçirilmişdır. Böyük düha və zəka sahibi olan Heydər Əliyev Azərbaycanın dünya birliyinə uğurlu inteqrasiyası və beynəlxalq təşkilatların tamhüquqlu üzvü olması üçün geniş fəaliyyət göstərmiş, bu sahədə də yüksək nəticələr əldə etmişdir. Müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Qədirbilən xalqımız ümummilli liderimiz Heydər Əliyevin xatirəsini həmişə əziz tutur.

Rektor Nurlana Əliyeva qeyd edib ki, ulu öndərimiz Heydər Əliyevin layiqli varisi, Azərbaycan Respublkasının Prezidenti möhtərəm cənab İlham Əliyev çox qarışıq və mürəkkəb dünyamızda ölkəmizi böyük məharətlə, siyasi uzaqgörənliklə idarə edir, respublikamız böyük nailiyyətlərə imza atır. BSU-nun tələbə-gəncləri

ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini dərindən öyrənməli, Onun ideyalarına sadiq qalmalı, dövlət başçımız cənab İlham Əliyevi qətiyyətlə, prinsipiallıqla dəstəkləməlidirlər.

Sonra ulu öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan filologiyası fakültəsinin tələbəsi Hicran Əliosmanova “Qayəsi nur, özü də nur” şeirini, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Safura Bənnayeva “Vətən oğlu” şeirini, Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinin tələbəsi Jalə Əfəndiyeva “Sən qalib gələcəksən!” şeirini səsləndiriblər.

Sonra Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Səbinə Nəsiblinin “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti” adlı çıxışı dinlənilib, ümummilli lider Heydər Əliyevin ailəsi haqqında videoçarx tədqim olunub.

Tədbirdə Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinin tələbəsi Xədicə İsmayılova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xalqımızın ümummilli lideri Heydər Əliyevə ithaf etdiyi “Elegiya” şeirini səsləndirib, Tərcümə fakültəsinin tələbəsi İlkin Xəlilov “Ulu öndər Heydər Əliyevin xalqın milli identikliyinin yüksəldilməsində rolu” mövzusunda çıxış edib.

Tədbirdə Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Nərmin Yusifli “Ulu Öndər” şeirini, Tərcümə fakültəsinin tələbəsi Diana Məmmədli “Yaşa, var ol hər zaman Azərbaycan!” şeirini səsləndiriblər.

Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir tələbələr arasında keçirilən debatla davam edib.