BSU-nun nümayəndələri Moskvada keçirilən beynəlxalq konfransda iştirak ediblər

12:20 11.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı Slavyan Universitetinin (BSU) Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının dəstəyi ilə keçirilən “Bilinqvizm, polilinqvizm, translinqvizm və linqvistik təhsil” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.

Hafta.az xəbər verir ki, əvvəlcə RXDU-nun Əlavə təhsil üzrə prorektoru Anjela Doljikova, Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının Rəyasət Heyətinin üzvü, əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professoru Eleonora Süleymenova təbrik nitqi ilə çıxış ediblər.

Dünyanın 12 ölkəsindən gəlmiş alimlərin iştirak etdiyi elmi konfransda çıxış edən professor T. Cəfərov məruzəsində Azərbaycanda təhsilin bilinqval modelinin tətbiqinin zəruriliyindən danışıb.

Dosent Y. Alxasovun məruzəsi Azərbaycan-rus bilinqvizminin inkişaf xüsusiyyətlərinə həsr olunub.

Konfrans çərçivəsində dəyirmi masa və seminarlar keçirilib, seminarlarda MDB ölkələrində və dünyada linqvistik təhsilin problemləri ilə bağlı faydalı və maraqlı müzakirələr aparılıb.