Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir - Dövlət başçısı

17:00 13.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir.

Hafta.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir. Ümumi rəyə görə, - bu, beynəlxalq təşkilatların hesabatında da əks olunur, - Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilibdir. Mən dəfələrlə demişəm ki, hər bir ölkənin öz tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır və bu gün bu, reallıqdır. Təkcə son bir-iki ay ərzində mənim dörd qonşu ölkənin rəhbərləri – Rusiya Prezidenti, Türkiyə Prezidenti, İran Prezidenti və Gürcüstanın Baş naziri ilə görüşlərim olubdur. Bu görüşlərdə, o cümlədən bizim nəqliyyat sahəsində əməkdaşlığa da kifayət qədər böyük vaxt ayrılmışdır. Bir sözlə, bizim tranzit potensialımız gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək. Bu gün də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır. Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq".

Siyasət rubrikasından digər xəbərlər