“Bu günkü siyasətdə nə Əli Kərimlinin, nə də Əli İnsanovun bir mahiyyəti qalıb” – Araz Əlizadə

16:06 07.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Bu günkü siyasətdə nə Əli Kərimlinin bir mahiyyəti qalıb, nə də Əli İnsanovun. Bunlar ayrı-ayrı yollarla gedib nəhayət, gəlib bir məcrada birləşiblər. Misal var, su axar, çuxurunu tapar”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib. Noyabrın 5-də bəzi müxalifət partiyaları liderlərinin Müsavat Partiyasının qərargahında toplaşaraq “dəyirmi masa” ətrafındakı görüşünü şərh edən ASDP sədri onu da vurğulayıb ki, siyasi səhnədə Əli İnsanov erası başlamadan bitib: “Əli İnsanov 15-20 il bundan əvvəl Azərbaycan səhiyyəsini elə bir vəziyyətə salıb ki, ondan sonra tibb sahəsi bu ölkədə hələ də özünə gələ bilmir. Əgər o hakimiyyətə gəlib islahat keçirmək istəyirsə, onun islahat aparmağından aparmamağı yaxşıdır. Onun hakimiyyətə gəlməməsi, hər hansı bir təklif verməməsi bu xalqa daha çox xeyir gətirər. Qoca kişidir. Nəyinə lazımdır, gedib evində otursun”.

Araz Əlizadə bir vaxt fərqli düşərgədən o zamankı “Müsavat” başqanı İsa Qəmbəri və AXCP sədri Əli Kərimli faşist adlandıran Əli İnsanovun indi həmin şəxslərlə bir masa ətrafında topalaşmasına da münasibət sərgiləyib: “Onlar üçün əqidə, yol anlayışı yoxdur. Onlar üçün hakimiyyət anlayışı da məhduddur. Onlarınkı hakimiyyətə gəlmək deyil. Mən də varam deməkdir. Onların meydanda olmaqdan, hay-küy salmaqdan, qışqırıb-bağırmaqdan başqa əllərindən heç nə gəlmir. Özlərini göstərmək istəyirlər. Əgər Əli İnsanov bu gün belə danışırsa, deməli bütün pullarını əlindən almayıblar”.

Siyasət rubrikasından digər xəbərlər