“Beynəlxalq ictimaiyyət dəstəyini davam etdirsə, Ukrayna bütün ərazilərini geri qaytaracaq, bu, zaman məsələsidir”.
Hafta.az bildirir ki, buna əminliyini "RBK-Ukrayna"ya müsahibəsində Rusiyanın başlatdığı genişmiqyaslı müharibədə Ukraynanın tərəfində iştirak edən Çeçenistan İçkeriya Respublikasının Silahlı Qüvvələrinin Baş Komandanı Əbdül-Hakim Şişani bildirib.
Onun sözlərinə görə, Rusiyanın qondarma “ət hücumları”ndan istifadə taktikası İkinci Dünya Müharibəsindən bəri dəyişməz qalıb.
“Nə qədər ki, Rusiyanın 140 milyon əhalisi var, onlar belə hərəkət edəcəklər, amma əminəm ki, Ukrayna öz ərazilərini qaytaracaq. Beynəlxalq ictimaiyyət dəstəyini davam etdirsə, bu, zaman məsələsidir. Krım, yoxsa Donbass? Mən heç bir fərq görmürəm”, -deyə o bildirib.
Şişani aydınlaşdırıb ki, Ukraynanın Qərb tərəfdaşları lazım olan hər şeyi: təyyarələr, uzaq mənzilli sistemlər və digər silahları təmin etsələr, bütün Ukrayna əraziləri geri qaytarılacaq.
"Bütün ərazilər - Krım, Donbass və Xerson qaytarılacaq. Ukrayna üçün müharibə belə başa çatacaq, amma ərazilərimizi qaytarana qədər bizim (çeçenlər - "UNİAN") üçün savaş bitməyəcək", - deyə çeçen komandir vurğulayıb.
Eyni zamanda, hazırkı müharibəni Çeçenistan və Suriyadakı müharibələrlə müqayisə edən Şişani Ukraynaya böyük üstünlük verən amilin beynəlxalq dəstək olduğunu diqqətə çatıdırıb.
Xatırladılır ki, Şişani həm də Ramzan Kadırovun özünün "müharibəyə hazırlaşmalıyıq" dediyini nəzərə alsaq, Rusiyanın dağılmasının Qafqazdan başlaya biləcəyini də bəyan etmişdi.