Bu il bir neçə ölkədə "ASAN xidmət" mərkəzləri açılacaq

14:48 28.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il ərzində bəzi ölkələrdə "ASAN xidmət" mərkəzlərinin açılışı olacaq.

Hafta.az-ın məlumatına əsasən, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə 13 ölkə ilə iş aparılır:

"Bizim əsas fəaliyyət hədəflərimizdən biri beynəlxalq arenada "ASAN xidmət"in təbliğatını aparmaq və daha çox ölkəyə ixrac etməkdir. Hazırda ASAN Beynəlxalq Assosiasiyasının formalaşdırılması prosesi gedir. Ötən ilin dekabrında 8 ölkə ilə birgə nizamnamə layihəsi razılaşdırılıb və hazırda həmin dövlətlər sənədi öz ölkələrində ratifikasiya etməlidir. Bu proses ilin birinci yarısında yekunlaşmalıdır".

Qeyd edək ki, Assosiasiya layihəsini imzalayan dövlətlər Azərbaycan, Mərakeş, Monteneqro, Malayziya, İndoneziya, Əfqanıstan, Türkiyə, Uqanda və Birləşmiş Ərəb Əmirlikləridir.