Bu ilin payız-qış moda trendi hansılardır – Modelyer açıqlayır

16:40 21.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

“İnsanı geyiminə görə qarşılayıb, danışığına görə yola salarlar” deyirlər. Ona görə də ətrafımıza özümüz haqqında ilkin təəssüratları yaratmaqda ən yaxşı üsul gözəl geyim tərzidir.

Yayın son günlərini yaşayırıq, qarşıda isə bizi yenilənmiş moda trendləri ilə payız-qış mövsümü gözləyir. Gəlin görək yeni mövsüm moda aləminə hansı yenilikləri gətirəcək.

Mövzu ilə bağlı hafta.az-a danışan tanınmış modelyer Şəlalə Maqsudova söylədi ki, payızda daha çox boş, uzun qol, normaldan 3 ölçü böyük, uzun ətəkli və “varatnik”li köynəklər dəbdə olacaq. Şalvarlarda eyni ilə köynəklərdə olduğu kimi boş, dizdən bir qədər aşağı forma sezonun trendidir.

Rənglərə gəldikdə isə modelyer, bu payız daha çox, cins və göyün tonları favorit olacaraq görür. Bundan başqa, payızın dəbində olan parçalar cins, kətan və nazik trikotaj parçalardır. Qışda isə adətən cins, tvis və drap parçalar favorit hesab edilir.

Ş.Maqsudova bu qışın rənglərinin boz, tünd göy və albalı (bardovı) olduğunu vurğuladı. Onun sözlərinə görə, ağ və qara klassikası hər zaman olduğu kimi bu qış da öz toxunulmazlığını qoruyub saxlayacaq. Çanta, ayaqqabı və aksesuarlarla bağlı vəziyyət isə belədir:

“Çanta və ayaqqabılarda bu ilin dəbi iki rəngin qarışığı idi. Artıq payıza doğru çantalarda tək tonlar, iri dəri formalılar trendə çevriləcək. Aksesuarlarda isə yayın tam əksinə payız mövsümündə daha çox incə olanlara üstünlük veriləcək.  Bu baxımdan zərif gümüş zinət əşyaları çox əlverişlidir”.

Peşəkar modelyerin sonda xanımlara bir mesajı da var. O oxucularımıza moda aləmini daima izləməyi, lakin onun arxasınca qaçmamağı tövsiyyə edir:

“Hər kəs özünə gözəl yaraşanı geyinsə və istifadə etsə daha şarmlı görünər. Tövsiyyəm budur ki, dəbi izləsinlər, amma onun arxasınca qaçmasınlar. Modada parçaların rəng və tonlarını bilmək vacibdir. Forma və biçimlərə gəldikdə hər kəs özünə yaraşanı geyinsə daha gözəl olar”.

Oxunma sayı 128