Bir ali məktəbdən digərinə köçürülmə prosesi asanlaşır

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər bildirirlər ki, yeni qanunvericilik bazası bu məsələdə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq

Azərbaycanda bir ali məktəbdən başqa bir ali təhsil müəssisəsinə tələbə köçürülməsi həmişə mübahisə predmeti olub. Qeyd edək ki, bu proses zamanı ciddi nöqsanlara yol verildiyindən müəyyən narazılıqlar yaranır. Bəzi ekspertlərin sözlərinə görə, Milli Məclisin payız sessiyasında müzakirəsi gözlənilən “Təhsil krediti haqqında“ yeni qanun layihəsi mövcud problemlərin aradan qaldırılması üçün mühüm addım olacaq.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev hesab edir ki, təhsil sistemində kredit sisteminin tətbiqi bir ali təhsil müəssisəsindən digərinə köçürülmə prosesini asanlaşdıracaq: “Əslində “Təhsil krediti haqqında“ yeni qanun layihəsi Boloniya sisteminə keçidlə bağlı aparılan qanunvericiliyin təkmilləşdirilməsinə yönəlir. Hazırda Azərbaycanın təhsil sistemi Boloniya sisteminə uyğun olaraq dəyişdirilir. Kredit sisteminin yaradılması isə Boloniya sisteminin müddəalarından biridir və bütün dərslərin eyni həcmdə olmasını təmin edir“.
Millət vəkili qeyd edib ki, bütün ali məktəblərdə kredit sistemi tətbiq olunduqdan sonra tələbənin bir universitetdən digər universitetə keçidi zamanı kreditlər vasitəsilə onun aldığı təhsilin həcmi haqqında dəqiq məlumat olacaq: “Bu da köçürülmə prosesində şəffaflığı təmin edəcək“.
A.Hacıyev eyni zamanda qeyd edib ki, əsas məsələ bütün universitetlərin keyfiyyətinin müəyyən bir həddən yuxarı olmasıdır. “Kreditlərin yaradılması, dərslərin kodlaşdırılması bu istiqamətdə addımdır və məsələni sadələşdirir“.


“Təhsil sistemində kredit bəzən düzgün şərh olunmur“


Məsələyə münasibət açıqlayan təhsil üzrə ekspert Asif Cahangirov bildirir ki, ümumiyyətlə, “Təhsil krediti haqqında“ qanun layihəsi vacib bir sənəddir: “Bu qanunun qəbul olunması imkansız tələbələrin daha rahat şəkildə təhsil almasına imkan yaradacaq. Çünki bəzən tələbə illik təhsil haqqını ödəyə bilməməsi səbəbindən təhsilini yarımçıq saxlayır. Əgər tələbələrə təhsil almaları üçün kreditlər verilərsə, bu təhsil haqqı problemini aradan qaldırar. Düşünürəm ki, təhsil kreditləri tələbələrə ən aşağı faizlə verilməlidir“.
Ekspert öz açıqlamasında vurğulayır ki, təhsil sistemində kredit sisteminin tətbiqi bəzən düzgün şərh olunmur və bu da cəmiyyətdə çaşqınlıq yaradır: “Buna görə də təhsil məsələləri üzrə mütəxəssislər məsələni düzgün şərh etməlidirlər“.


“Təhsil kreditləri tələbə barəsində dəqiq məlumatı ortaya qoyacaq“



Təhsil məsələləri üzrə ekspert Lalə Qafarova isə söyləyir ki, “Təhsil krediti haqqında“ qanun layihəsi Boloniya prosesini stimullaşdıran qanunvericilik bazasıdır: “Məlumdur ki, ölkədə Boloniyaya qoşulmaq üçün ilk addımlar 2004-cü ildə atılıb. Beləliklə də ölkəmiz Boloniya sisteminə qoşulmaqla təhsilin keyfiyyətinin daha artmasını təmin etmək, təhsilimizin Avropa ölkələrinin təhsilinə uyğunlaşdırmaq kimi bir sıra öhdəlikləri öz üzərinə götürdü. Bu sistemə qoşulmaqda əsas məqsəd Azərbaycanın Avropa təhsilinə inteqrasiya olunmasıdır. Ümumiyyətlə, bilirik ki, Azərbaycan Avropa ölkələrinə inteqrasiya olunur. Burada təhsil ən önəmli sahələrdən hesab olunur. Bu sistemin bir neçə pillələləri var ki, bura diplomların tanınması, tələbələrin bir universitetdən digərinə problemsiz köçürülməsi və digərləri daxildir. Bəzən ölkə gənclərimizdən biri hansısa xarici ölkədə iş yeri tapdıqda təhsilləri ilə bağlı müəyyən problemlərlə üz-üzə qalırdı. Lakin yeni sistemə keçidlə bu problemin qarşısı alındı. Hazırda hər bir ölkə gənci öz gələcəyini xarici ölkədə qurmaq istəyərkən onun qarşısında belə sərhədlər qalmır ona görə ki, yeni sistemlə bir universitetdən digərinə rahat şəkildə keçmək olur. Məhz bu müddəaların yerinə yetirilməsi istiqamətində 2006-2010-cu illər üçün xüsusi tədbirlər planı həyata keçirildi. İlk dəfə bu sistem ölkəmizdə 2006-2007-ci tədris ilindən birinci kurslarda tətbiq olundu. Bu tətbiqolunma 2006-cı ildə “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu“nun hazırlanması əsasında reallaşdı.
Həmin sistemə əsasən ali təhsil müəssisələrində fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldı, tələbələr tərəfindən seçilən fənlərə ayrılan saatların miqdarı 5%-dən 20%-dək çoxaldıldı, yeni sitemin tələblərinə əsasən nəzəri həftələrin sayı 133-dən115-ə, semestrlər üzrə auditoriya dərsləri 17-18 həftədən 15 həftəyə endirildi, ixtisaslardan asılı pedaqoji təcrübənin müddəti 18 həftəyə qaldırıldı. Humanitar fənlərinin sayı isə 10-dan 3-ə endirildi“.
L.Qafarova deyir ki, yeni qanunvericiliklə Boloniya prosesinin əsas prinsiplərindən olan təhsildə kredit sistemi daha da təkmilləşdiriləcək: “Bu prosesin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiqidir. Bura tələbələrin öz mobilliyini təmin etmək və təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları daxildir. Qaydalara görə, kredit sistemində təhsil alanlar üçün auditoriya dərsləri 15 həftəyə müəyyən olunur, tələbənin auditoriya və auditoriyadan kənar yükünün həcmi 45 saat müəyyənləşir. Yəni, bir kredit 15 auditoriyaya və ya 22,5 ümumi saata bərabərdir və bütün fənlər üzrə hər bir tələbə hər semestrdə 30 kredit müəyyənləşdirə bilər, yaxşı oxuyan tələbələr isə hər semestrdə 8 kreditdən çox olmamaq şərtilə 1 və ya 2 fənn seçə bilərlər. Bakalavr pilləsində tələbələrdə 200-250 kreditin yığılması tələb olunur. Burada bir şərt də var ki, tələbə yalnız o zaman kredit ala bilər ki, ali məktəblərdə tətbiq olunan qaydalar üzrə həmin fənnin imtahanından qiymət almış olsun. Təbii ki, bu prosesin təkmilləşdirilməsi tələbənin bir ali məktəbdən digərinə köçürülməsini asanlaşdıracaq“.
Ekspert həmçinin bildirir ki, sözügedən qanunvericilik həm də köçürülmə prosesində baş verən nöqsanları aradan qaldıracaq: “Əslində bir neçə il bundan əvvəl hansısa nüfuzlu fakültədə birinci kursda 35-40 nəfər təhsil alırdısa, ikinci kursda həmin fakültədə tələbələrin sayı köçürmə yolu ilə 50-60 nəfərə çatırdı. Hətta 600-650 bal toplamış tələbə 200-250 bal toplamış tələbə ilə eyni fakültədə təhsil almaq məcburiyyətində qalırdı. Amma düşünürəm ki, yeni qanunvericilikdə bu nöqsanlar aradan qalxa bilər. Məsələn, bütün ali məktəblərdə kredit sistemi tətbiq olunduqdan sonra tələbənin bir universitetdən digər universitetə keçidi zamanı kreditlər vasitəsilə onun aldığı təhsilin həcmi haqqında dəqiq məlumat olacaq. Bu da köçürülmə prosesində şəffaflığı təmin edəcək. Yəni, əsas məsələ bütün universitetlərin keyfiyyətinin müəyyən bir həddən yuxarı olmasıdır“.
Xatırladaq ki, hazırda Azərbaycanda 51 ali məktəb fəaliyyət göstərir və onlardan 15-i özəl təhsil müəssisəsidir. Qeyri-rəsmi məlumatlara görə, hər il ölkədaxili universitetlər arasında 1000-dən çox tələbə bir ali məktəbdən başqasına köçürülür. Hətta iddialara əsasən, köçürülmə prosesinin qiyməti ali məktəbdən və fakültədən asılı olaraq 10-60 min manat arası dəyişir. Amma universitetdaxili köçürülmə prosesinin daha ucuz 2-3 min manat arası başa gəldiyi bildirilir.
Sevinc