Bürünc medal qazanan qadın şahmatçılarımız Vətənə qayıdıblar

20:56 03.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Batumidə keçirilən komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadın şahmatçılarımız noyabrın 3-də Vətənə qayıdıblar.

Hafta.az xəbər verir ki, millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AGF) rəsmiləri, şahmatçılar və media nümayəndələri qarşılayıblar.

Sonuncu turda Ermənistan yığmasını məğlub edən Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra (1992-ci ildə Avropa çempionatında bürünc medal) qitə çempionatında üçüncü yerə layiq görülüb.

Azərbaycan şahmatında son aylar böyük uğurlar əldə edilib. Qrossmeysterimiz Teymur Rəcəbov dünya kubokunun sahibi olub. On dörd yaşlılar arasında təmsilçimiz Aydın Süleymanlı dünya çempionu titulunu qazanıb.

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.