“Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi keçirilib

21:36 30.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının klassiki, müasir dramaturgiyamızın banisi, milli mədəniyyətimizin və incəsənətimizin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, teatr və kino xadimi C.Cabbarlının 120 illiyinə həsr olunan "Cəfər Cabbarlı Mükafatı"nın təqdimat mərasimi keçirilib.

Teatrdan hafta.az-a verilən məlumata görə, tədbir Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən videogörüntünün nümayişi ilə başlayıb.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru, mükafat komissiyasının sədri Qəmər Seyfəddinqızı cıxış edərək, bu mükafatın muzeyin layihəsi əsasında "BP Azerbaijan" şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunduğunu bildirib. Qeyd edib ki, "Cəfər Cabbarlı mükafatı" ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınmaqla müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilib, ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlara, ədəbiyyat və incəsənət xadimlərinə verilir.

Daha sonra mükafatlar təqdim edilib. Bu mükafata ədəbiyyatşünaslıq nominasiyası üzrə-Türkiyə Cümhuriyyəti Frat Universitetinin dosenti Seda Arıkan, kino nominasiyası üzrə- xalq artisti Rasim Balayev, ən yaxşı rejissor işi nominasiyası üzrə - əməkdar incəsənət xadimi Bəhram Osmanov, teatr nominasiyası üzrə-xalq artisti Bəsti Cəfərova, əməkdar artist Firdovsi Atakişiyev, Şuşa Dövlət Musiqili Dram Teatrın aktrisası Bahar Abdullayeva, mədəniyyət nominasıyası üzrə-professor, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, əməkdar mədəniyyət işçisi, "Könüllülər" Kitabxana İctimai Birliyinin sədri Niyaz Eyvazov, Mükafat Komissiyasının "Xüsusi Diplomu" ilə - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin direktoru Umnisə Nəcəfbəyova, Xətai rayonu Mədəniyyət Mərkəzinin baletmeysteri Səma Sadıxova layiq görülüblər.

Tədbir bəddi hissə ilə davam edib. Respublikanın xalq artistləri Azər Zeynalov, Tünzalə Ağayeva, əməkdar artist Rəşad İlyasov və digər müğənnilərin ifasında Cəfər Cabbarlının sözlərinə bəstələnmiş mahnılar səsləndiriblər.