Cəmiyyətdə ekoloji mədəniyyəti necə yüksəltmək olar?

19:31 11.10.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər yer üzündə əhalinin sürətli artımı, elmi-texniki tərəqqi, sənayenin inkişafı ətraf mühitə təsirsiz ötüşməyib. Bu gün dünya ölkələri ətraf mühitə antropogen təsirlərin artması nəticəsində ciddi ekoloji problemlərlə qarşı-qarşıya qalıb. Artıq həm inkişaf, həm də inkişaf etməkdə olan ölkələr üçün ekoloji problemlərin həlli əsas prioritetlərdən birinə çevrilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında da ekoloji siyasətin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi ilə əlaqədar mühüm vəzifələr müəyyənləşdirilib. İqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahı naminə istifadə dövlət siyasətinin prioritetidir. Təsadüfi deyil ki, ekoloji tarazlığın qorunmasını və ətraf mühitin mühafizəsini dövlət fəaliyyətində həmişə önə çəkən ölkə başçısı öz çıxışlarında ekoloji vəziyyətə,ətraf mühitə diqqət göstərilməsinin vacibliyini vurğulayıb.

Sözsüz ki, dövlət başçısının uğurlu ekoloji siyasətinin nəticəsidir ki, indi Azərbaycanın zəngin meşələri, zəngin bitki örtüyü, yüzlərlə parkı, qoruğu və yasaqlığı var. Milli parkların, qoruqların, yasaqlıqların ərazisi genişləndirlir və yeniləri salınır. Qısa müddət ərzində beynəlxalq normativlərə uyğun olaraq Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri genişləndirilib. Eyni zamanda, ölkəmizin uğurlu xarici siyasəti və beynəlxalq əlaqələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də beynəlxalq əməkdaşlıqla bağlı səmərəli fəaliyyətinə şərait yaradıb, bir sıra region dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında Anlaşma Memorandumları və sazişlər imzalanıb. Respublikamız ətraf mühitlə əlaqədar 20-dək beynəlxalq konvensiyaya qoşulub. Təbii ki, ekoloji siyasətin bu gün uğurla davam etdirilməsi, bu sahədə görülmüş işlər, həyata keçirilən ardıcıl tədbirlər ölkəmizin siyasi, iqtisadi, sosial-mədəni həyatının bütün sahələri ilə yanaşı, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində də yeni-yeni uğurların qazanılacağına inamı artırır.

Bir məqamı da vurğulamaq yerinə düşər ki, respublikamız müstəqillik qazandıqdan sonra ətraf mühitin mühafizəsinə göstərilən dövlət qayğısı ildən-ilə artır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbii sərvətlərimizin gələcək nəsillərə sağlam, zəngin ötürülməsi üçün səmərəli fəaliyyət göstərir. Xüsusilə Milli parklara, yaşıllıqlara, qoruqlara böyük diqqət və qayğı var. Təbiətimizin biomüxtəlifliyinin qorunub saxlanması üçün hər cür şərait yaradılır. Təsadüfi deyil ki, respublika ərazisində 9 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən milli parklar 3,7 faizini təşkil edir.

Təqdirəlayiq haldır ki, son illər ölkəmizdə təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün yorulmaz fəaliyyəti ilə fərqlənən, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi, xalqımızın ekoloji cəhətdən saf və təmiz həyat tərzi keçirməsi üçün yaşıllaşdırma tədbirləri həyata keçirilir. Məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə hər il respublikamızda milyonlarla ağac və kol əkilir, meşələr və yaşıllıqlar bərpa edilir, yeni-yeni parklar, yaşıllıqlar salınır.

Heydər Əliyevin ölkədə ətraf mühitin qorunması, təbii sərvətlərin artırılması, zənginləşdirilməsi, ekologiyanın, torpağın, suyun, meşənin mühafizə edilməsi sahəsində apardığı islahatlar, gördüyü səmərəli dövlət tədbirləri bu gün uğurla davam etdirilir. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” məhz bu sahədə mövcud problemlərin həllinə yönəldilən mühüm tarixi sənəddir.

Ətraf mühitin mühafizəsi, xüsusilə biomüxtəlifliyin qorunması sahəsində Azərbaycanda həyata keçirilən tədbrilər beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir və yüksək qiymətləndirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların diqqətini cəlb etməklə dövlətin müəyyən etdiyi ekoloji siyasəti ardıcıl və qətiyyətlə yerinə yetirir. Ətraf mühitin qorunmasında, təbii ehtiyatların, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə əlaqədar bir sıra mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir.

Lakin etiraf etmək lazmdır ki, ətraf mühiti təkcə qanunvericilik aktlarının tətbiqi ilə mühafizə etmək olmaz. Bu sahədə geniş maarifləndirmə tədbirləri aparmaq lazımdır. Hər bir vətəndaşda ekoloji düşüncənin formalaşmasında, təbii sərvətlərimizin qorunmasında, ətraf mühitin mühafizəsində və ondan səmərəli istifadə edilməsində təbliğat işlərinin mühüm rolu vardır. Təəssüf ki, əhalinin bu yöndə maarifləndirilməsinə baxmayaraq, yenə ayrı-ayrı vətəndaşlar tərəfindən ağacların qırılmasına cəhd göstərilir.

Mütəxəssislər də bildirirlər ki, təbiətə qayğıkeş münasibət, ekoloji təfəkkürün yaranması əhalidə və gənc nəsildə ekoloji tərbiyə və mədəniyyətin hansı səviyyədə olmasından asılıdır. Onların qənaətincə, hazırda ekoloji maarifçiliyə böyük ehtiyac var. Bunun üçün hər kəs müəyyən ekoloji biliklərə yiyələnməli, əhalidə ekoloji dünyagörüş formalaşmalı, təhsilin ayrı-ayrı pillələrində ekoloji təlimin həyata keçirilməsi təmin edilməli, məktəb, eləcə də, məktəbəqədər  tədris-tərbiyə müəssisələrində uşaqlar və şagirdlər arasında ekoloji tərbiyəyə xüsusi fikir verilməlidir. Digər tərəfdən, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (2002) ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılması, orta təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi, ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi dövlət siyasətinin əsas prinsipləri kimi götürülüb. Ekoloji təhsil və maarifləndirmə zamanı əldə olunan biliklər, qazanılan təcrübələr ekoloji mədəniyyətin yaranmasına səbəb olur. Başqa sözlə, ekoloji təhsil dedikdə, ümumi ekoloji mədəniyyətin və məsuliyyətin formalaşmasına yönəldilmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi başa düşülür. Ekoloji təhsilə ehtiyac, insan  həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsil almaqdır. Ətraf mühitə düzgün münasibət ekoloji bilik nəticəsində formalaşır.

Məsələyə münasibət bildirən “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev də hesab edir ki, bu gün  ekologiyayla bağlı əsas problemlərdən biri əhalinin ekoloji mədəniyyətinin və maarifləndirilməsi  ilə bağlı işlərin kifayət qədər aşağı olmasıdır: ” Ölkəmiz inkişaf edir, amma bir sıra məsələlər var ki,  ölkənin inkişaf tempindən  geridə qalır. Xüsusilə  bu məsələni rayonlarımıza aid edərdim. Torpaqların deklarasiyası, qorunması, alternativ enerjidən istifadə etməklə meşələrin qırılmasının qarşısının alınması, bu gün bizim üçün fəlakətlər gətirən suların idarə olunması ilə maarifləndirmə işləri aparılmalıdır. Ekoloji maariflənmə həm sıravi vətəndaşlar, həm də məmurlar arasında, yəni geniş kütlələr arasında aparılmalıdır”.

İ. Mustafayev qeyd edib ki, son 5-6 ildə bir çox rayon mərkəzlərimiz çox böyük inkişaf yolu keçib: ”Şəhərlərin mərkəzlərində  tikinti  və abadlıq işləri aparılıb, parklar salınıb, komplekslər tikilib, şəhərin içərisi təmizlənib. Eyni zaman da  bizim turizm potensialımız var. Bu turizm potensialını reallaşdırmaq üçün bərk tullantların  idarə olunması  istiqamətində əhalidən asılı olan işlər var. Təbii ki,  hökumət də  bu işə qarışmalı və müəyyən məsələlərin həllinə kömək etməlidir.

Digər tərəfdən, ekoloji maarifləndirmə tədbirləri çərçivəsində hər telekanalın həftədə ekologiya ilə bağlı bir saatlıq veriliş verməsi yaxşı olar. Təbii ki, bu verilişlər müxtəlif mövzularda- meşələrdən, bərk tullantıların idarə olunmasından, suların qorunmasından və s. bəhs etməlidir.  Həm də verilişlərin tamaşaçı marağına uyğun olaraq hazırlanması çox vacibdir. Hər hansı mövzu ətrafında standart cümlələrlə kağızdan oxumaq və danışmaq tamaşaçı üçün  maraqlı olmaz. İstərdim ki, dövlət qurumları və QHT-lər tərəfindən  konfrans və  treninqlər keçirilməsinə, broşürlər  hazırlanmasına diqqət artırılsın.  Məktəblərdə ekoloji maarifləndirmə sahəsindən dərslər genişləndirilməli və müəyyən aksiyalar keçirilməlidir”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.