Çilidə litium hasilatı artır: "Yerlilər də söz sahibi olmaq istəyir"

09:45 09.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çili litium mədən əməliyyatlarını inkişaf etdirdikcə, Atakama səhrasında yaşayan yerli əhali layihələrdə daha çox söz sahibi olmaq istəyir.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, yerli sakinlər Çilidə yerləşən SQM firması və dövlətə məxsus Codelco ilə mədənlərin idarə olunması ilə bağlı danışıqlar aparır.

“Lickanantay” olaraq da bilinən Atakama səhrasında yaşayan yerli xalq, bölgələrində həyata keçiriləcək mədən işlərində söz sahibi olmaq istəyir. Yerli sakinlər xüsusilə su ehtiyatlarından balanslaşdırılmış şəkildə istifadə olunmasını və ətraf mühitə zərər vurulmamasını tələb edirlər.

Codelco və SQM-nin birləşməsinin bu ilin ikinci yarısında başa çatdırılması gözlənilir. Buna nail olunarsa, Codelco Atakama əməliyyatlarında 51 faiz nəzarət paketinə sahib olacaq.

Bildirilir ki, şirkətlər birləşmə və mədən fəaliyyətləri prosesində problem yaşanmaması üçün yerli sakinlərlə müqavilələr bağlamaq istəyirlər. Şirkətlərin “Reuters”ə göndərdiyi birgə bəyanatda bu ifadələr yer alır: “Lickanantay icmalarının perspektivləri və baxışlarının yeni qurulan şirkətin qərar qəbul etmə proseslərində effektiv şəkildə təmsil olunması hədəflənir. Biz onları bu model üzərində birgə işləməyə dəvət etdik”.

Peine icmasının lideri Sercio Kubillos deyir: "Burada əsas odur ki, bizim ərazidə nə edəcəyinə qərar verən yeganə şirkətlər deyil".

Ölkə tarixinin ən gənc prezidenti olan Qabriel Boric 2023-cü ilin aprelində ətraf mühiti qorumaq və iqtisadiyyatı inkişaf etdirmək üçün litium sektorunun milliləşdiriləcəyini açıqlamışdı.

Boric vəzifəyə başlamazdan əvvəl, 2022-ci ildə Atakamada yerli xalqların üsyanlarından sonra litium mədən layihələri dayandırıldı. Çilinin o zamankı prezidenti Sebastian Pinera şirkətləri özəlləşdirmək istədiyi üçün tənqidlərə məruz qaldı və Boric özəlləşdirməyə qarşı olduğunu söylədi.

“Reuters”in təhlili deyir ki, Codelco və SQM belə problemlə üzləşmək istəmir. Qeyd olunur ki, iki şirkətin birləşməsi Boriçin “yerliləri dəstəkləyən” münasibəti ilə mədənçilik fəaliyyətini sürətləndirə bilər.