Çin Hindistan-Banqladeş gərginliyini fürsətə çevirmək istəyir

09:44 26.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin son vaxtlar Hindistanla münasibətləri pisləşən Banqladeşi cəlb etmək istəyir. Aralarında siyasətçilər, vətəndaş cəmiyyəti fəalları, alimlər və jurnalistlərin də olduğu 22 nəfərlik nümayəndə heyəti dünən Banqladeşdən Çinə gedib.

Hafta.az-ın “Global Times”a istinadən yazdığına görə, qrupa əsas müxalifətdəki Banqladeş Millətçi Partiyasından (BNP) Abdul Moyen Xan rəhbərlik edir. Siyasətçi 10 günlük səfər zamanı Çin Kommunist Partiyasının (ÇKP) yüksək vəzifəli şəxsləri ilə görüşəcəklərini bildirir və deyir: “Bu, Pekinin dəvəti ilə başlanmış xoşməramlı səfərdir. Səfəri unikal edən Çinin Banqladeşdə müxtəlif qrupları təmsil edən komanda dəvət etməsidir”.

Qrupa ötən il baş nazir Şeyx Hasinanın ölkədən qaçması ilə nəticələnən kütləvi tələbə etirazlarını təşkil edən qrupların nümayəndələri də var. Hasina avqustun 5-də nümayişlərdən sonra Hindistana qaçıb. Onu müvəqqəti rəhbər vəzifəsində Məhəmməd Yunus əvəzləyib.

Banqladeşlə Hindistan arasında strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq mövcuddur. Şeyx Hasinanın partiyası olan Avami Liqası da 2009-cu ildə hakimiyyətə gəldikdən sonra Yeni Dehli ilə iqtisadi əlaqələri gücləndirib. Digər tərəfdən, Hasina 15 illik hakimiyyəti dövründə Çinlə əlaqələri kəsməyib.

Lakin Hasinanın Yeni Dehliyə sığınması və Hindistanın Banqladeşin bütün tələblərinə rəğmən devrilmiş lideri deportasiya etməməsi iki ölkə arasında münasibətlərdə gərginlik yaradır. Banqladeş Şeyx Hasinanın insanlığa qarşı cinayətlər və çirkli pulların yuyulması da daxil olmaqla bir çox cinayətlərə görə mühakimə olunmasını istəyir.

Təhlildə deyilir ki, Hindistan təsirini itirdiyi üçün Çin Banqladeş üzərində təsirini artırmaq istəyir.

Banqladeşdəki keçid hökumətinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Tövhid Hüseyn ötən ay Çinin xarici işlər naziri Vanq Yinin dəvəti ilə Çinə 5 günlük səfər edib. ÇKP-yə bağlı “Global Times” qəzetində dərc olunan təhlildə bu addımın iki ölkə arasında əlaqələri gücləndirəcəyi yazılıb.

Çin Banqladeşin ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında təxminən 24 milyard dollarlıq ticarət həyata keçirilir ki, bunun da böyük hissəsi Çinin Cənubi Asiya ölkəsinə ixracıdır.

Banqladeş ordusu da Çindən alınan texnika və sursatdan çox asılıdır – təchizatın 70 faizindən çoxu Çindən gətirilir.

Pekindəki Tsinghua Universitetindən Zhou Bo deyir: "Hindistan bütün ölkəni öz təsir dairəsi altında görməməlidir. Çünki belə münasibət onun baş ağrısına səbəb olar".