Çin-Qazaxıstan sərhəd-keçid məntəqəsindən keçidlər artıb

11:03 18.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Şimal-Qərbi Sintszyan-Uyğur Muxtar Rayonunda yerləşən, Böyük İpək Yolunun bir hissəsi olan Alaşankou Sərhəd Keçid məntəqəsi administrasiyasının məlumatına görə, bu il martın 15-nə kimi Alaşankou avtomobil sərhəd keçid məntəqəsindən 22300 yük maşını, dəmir yolu keçid məntəqəsindən isə 4080 qatar keçib. Bu da müvafiq olaraq 36 faiz və 3,02 faiz artım deməkdir.

Hafta.az-ın yazdığına görə, Çin - Qazaxıstan sərhədində yerləşən Alaşankou avtomobil sərhəd keçid məntəqəsində gömrük rəsmiləşdirilməsinin səmərəliliyini təmin etmək üçün gömrük yoxlamaları gecə-gündüz həyata keçirilir və müvafiq prosedurlar daim təkmilləşdirilir, məsələn, yaşıl dəhliz açılıb. Bundan əlavə, Alaşankou vasitəsilə daşınan məhsulların siyahısı qurudulmuş meyvələrdən tutmuş yeni enerji daşıyıcılarına, təzə meyvə və tərəvəzlərə, tibbi və mexaniki avadanlıqlara, ümumi mallara və taxıllara qədər durmadan genişlənir.

Yerli beynəlxalq nəqliyyat və logistika şirkətinin meneceri bildirib ki, Alaşankou keçid məntəqəsində gömrük prosedurlarının başa çatdırılması üçün tələb olunan vaxt 10 dəqiqəyə qədər azaldıla bilər ki, bu da müştərilərin cəlb edilməsi və bazarın genişləndirilməsi üçün daha güclü dəstək rolunu oynayır.

“Bu il biz artıq 50 min ton yük ixrac etmişik”, -  nəqliyyat meneceri bildirib.

Alaşankou dəmir yolu sərhəd-keçid məntəqəsində qatarların burada sərf etdiyi vaxtı azaltmağa imkan verən yeni gömrük nəzarəti sahəsi sayəsində gömrük prosedurları da sürətləndirilib. Məhz bunun sayəsində qatarların qəbulu və yola salınmasının səmərəliliyi 15 faiz artıb.