Corce Eneskunun abidəsi önündə Rumıniya Mədəniyyəti Günü qeyd olunub

12:10 13.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rumıniyalı bəstəkar Corce Eneskunun Bakının Binəqədi rayonunda yerləşən abidəsi önündə Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib.

Hafta.az yazır ki, tədbirdə Rumıniyanın ölkəmizdəki səfiri Dan İonku və səfirliyin digər əməkdaşları, eləcə yerli ictimai şəxslər iştirak edib.

Corce Enesku (1881-1955) tanınmış bəstəkar, skripkaçı, pianist, dirijor və müəllim olub və günümüzdə Rumıniyanın ən görkəmli musiqiçisi hesab edilir. Enesku musiqi bəstələmək təcrübələrinə erkən yaşlarından başlayıb. O, hələ 7 yaşında olarkən, Vyana Konservatoriyasına tarixi boyunca qəbul edilən ən gənc tələbə olub. Eneskunun əsərlərinin bir çoxu ilhamını rumın xalq musiqilərindən alıb. Rumıniya Rapsodiyaları (1901, 1902), Oedipus (1936) operası və orkestr üçün suitaları onun ən məşhur bəstələrindəndir. Onun karyerasının şərəfinə, eləcə də Rumıniyaya və dünya musiqisinə verdiyi töhvələrinə görə, Buxarest Avropada ən böyük müsabiqələrdən birinə - Corce Enesku Beynəlxalq Festivalına ev sahibliyi edir.

Məlumat üçün qeyd edək ki, builki buraxılış 29 avqust-20 sentyabr tarixlərində baş tutacaq.

Oxunma sayı 419