Çörək zavodları ya qiyməti qaldıracaqlar, ya da bağlanacaqlar – Eyyub Hüseynov

15:14 16.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

İki gündür ki, bəzi firmalar çörəyin qiymətini qaldırıb. Bu artım 15-20 qəpik təşkil edir. Qiyməti qalxmayan çörəklərin isə çəkisinin azaldığı iddia olunur.

Çörəyin bahalaşması barədə hafta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söylədi ki, hazırda artım 10-15 qəpik arasında dəyişir. Çörək zavodlarının bir neçəsi isə bağlanma təhlükəsi ilə üz-üzədir:

“Çörəyin qiyməti və keyfiyyəti ilə bağlı bizə demək olar ki, hər gün 4-5 telefon zəngi gəlir. Biz də izahat veririk. Bəzi zavodlar qiymətdə dəyişiklik etməyiblər. Çünki hökümət tarazlığı qorumaq istəyir, bu baxımdan nəzarət var. Lakin zavodlar artıq qırmızı xəttin üzərindədirlər, ya qiyməti qaldıracaqlar, ya da bağlanacaqlar”.

Sədr onu da vurğuladı ki, daha əvvəl müşahidə edilən keyfiyyətin aşağı salınması məsələsi indi də aktualdır. Belə ki, bu gün olduğu kimi hər zaman bahalaşma baş verdikdə zavodlar çəki və keyfiyyəti aşağı salırlar. 

Növbəti müsahibimiz qida texnoloqu Ağa Salamov oldu. Ağa bəy ilk növbədə oxucularımızı çörəkdən qaynaqlanan böyük təhlükədən xəbərdar etmək istədiyini bildirdi. Onun sözlərinə görə, xəstələrin yüksək əksəriyyəti də elə məhz açıq satılan çörək, şirniyyat kimi məhsullar vasitəsilə virusa yoluxur:

“Mən üstü açıq şəkildə çörək satanları şiddətlə qınayıram. Belə çörəklərə xəstə olduğunu bilməyən insanlar toxunurlar. Baxırsan ki, 1 çörək alacaq deyə 5-6 çörəyi əlləşdirir və sonra götürür. Hazırda ən acınacaqlı vəziyyət marketlərdədir. Çörək qədər təhlükə saçan başqa qidalar konfetlər və açıq şəkildə satılan şirniyyatlardır. Xəstələrin yüksək əksəriyyəti də elə məhz bu yolla virusa yoluxur”.

Ekspert hesab edir ki, zavodlar çörəkləri qapalı qablaşdırmadan sonra satışa çıxarmalıdırlar.  

“Əksər çörəklərin paketkənməsi yarıdandır. Daha çox zavod çörəkləri belə qablaşdırılır. Məsləhət görərdim ki vətəndaşlar bağlı çörəklərə üstünlük versinlər. Biz çörək yeyən millətik, ona görə də hamı bağlı çörək sevmir. Fikrimcə çörək sexləri zavod çörəklərini tam qapamalıdırlar. İndi deyəcəklər ki, “tam qapadılan çörək tərləyir və keyfiyyəti aşağı düşür”. Xeyir, qablaşmanın üzərində dəliklər açılsa heç də keyfiyyət itməz. Beləcə alıcılar çörəyə toxunan zaman ona birbaşa təmas etməzlər. Marketlərdə də inzibatçılar tərəfindən bu işə ciddi nəzarət olunmalıdır. Çörək və üstü açıq peçenyelər dezinfeksiya olunmayan məhsuldur. Hər hansı covid xəstəsi məhsullara toxunduqdan sonra yoluxmalar baş alıb gedir. Yuyulmayan məhsullara ciddi nəzarət olunmalıdır. Paketlənmiş belə məhsulları da evə gətirən şəxs mütləq şəkildə qablaşdırmanı çıxarıb atmalı, əllərini dezinfeksiya etməlidir. Hazırkı vəziyyətdə maksimum qorunmaq lazımdır”.

Oxunma sayı 30