“Dağlıq Qarabağın Azərbaycanlı icması əsas zərbə qüvvəsi olmalıdır”

10:27 12.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi “Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı dünyada tanıdaq” layihəsini həyata keçirir.

Hafta.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihənin əsas məqsədi Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycanın əsas dayaq nöqtəsi olan Dağlıq Qarabağın Azərbaycanlı icmasının tanıdılması və istiqamətdə qurulmalı olan informasiya siyasətinin müəyyənləşdirilməsidir. Bu barədə İctimai Birliyin sədri Asəf Quliyev məlumat verib.

Birlik sədrinin sözlərinə görə, artıq bir neçə aydır ki, bu sahədə araşdırmalar aparılır. Foks qruplarda şifahi sorğular, müxtəlif tarixi mənbələrdə olan məlumatların toplanması və müxtəlif dövlət qurumlarından statistik məlumatların  əldə olunması artıq başa çatıb:

“Əldə olunmuş materialların müxtəlif istiqamətlər üzrə təbliğat üçün istifadə olunması nəzərdə tutulur. Bu istiqamətləri müəyyənləşdirmək üçün foks qruplarda sorğular, statistik məlumatlar və tarixi mənbələrdən istifadə olunması ilə yanaşı Ermənistanın informasiya siyasətinin əsas istiqamətləri də araşdırılıb. Erməni informasiya mexanizminin Qarabağ münaqişəsi ilə əlaqədar siyasətində əsas rupor olan resursları monitorinq olunub. Və bütün bu materiallar emal olunduqdan sonra bu gün yaranmış informasiya rinqində təbliğat aparmaq üçün dörd əsas istiqamət müəyyənləşdirilib. Əslindıə bu dörd istiqamət yox, daha çox dörd mövzudur”.

Asəf Quliyevin araşdırmalar nəticəsində təbliğat üçün müəyyənləşən dörd mövzunun aşağıdakılar olduğunu bildirib:

“Qarabağ xanlığı, Dağlıq Qarabağın Azərbaycanlı icması, Şuşa şəhəri və Ermənistanın 1988-ci ildən başlayan ilhaq və işğal siyasəti. İnformasiya siyasətimizin bu dörd mövzu üzərində qurulması kiminsə subyektiv qənaəti deyil. Bu çoxşaxəli araşdırmaların nəticəsidir. Erməni təbliğat maşının  əsas istinad nöqtəsi ermənilərin Qarabağın əsas aborgen xalq olduğunu söyləməsi, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi iddiası və təhlükəsizlikdir. Biz Qarabağ xanlığı, Dağlıq Qarabağın Azərbaycanlı icması, Şuşa şəhəri və Ermənistanın 1988-ci ildən başlayan ilhaq və işğal siyasəti mövzuları üzərində təbliğatı qurmaqla hər üç istiqamətdə əks arqumentləri ortaya qoya bilərik. Hesab edirik ki, bütün bu işlərdə Dağlıq Qarabağın Azərbaycanlı icması əsas zərbə qüvvəsi olmalıdır”.

Sədr onu da bildirdi ki, yaxın günlərdə toplanmış materiallar əsasında hazırlanmış təbliğat materialları müxtəlif platformalarda yayılacaq.

“Biz bu materialların ənənəvi media, sosial mediada yayılması ilə yanaşı Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyini rəhbəri Tural Gəncəliyevin iştirakı ilə geniş təqdimatını da nəzərdə tuturuq. Ümid edirik ki, ictimai fəal insanlar, əsasən də xaricdən izlənən və xaricə çıxışı olan şəxslər bu məsələdə fəal olacaq və hazırlanmış materialların müxtəlif dillərdə yayılmasında öz töhfələrini verəcəklər.

Siyasət rubrikasından digər xəbərlər